AZ

Bir bankın neçə nəfər "baş direktoru" olar?!.

Image

AMB-nin rəsmi saytı rəngli illüstrasiya albomunu xatırladır…

Mərkəzi Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat və ərazi idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir. Mərkəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.

Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur.

Mərkəzi Bankın sədri - Taleh Kazımov, İdarə Heyətinin üzvləri isə Rəşad Orucov və Əliyar Məmmədyarovdur.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, Mərkəzi Bankın sədri və müavinləri isə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin edilirlər.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Bankın icra strukturuna başçılıq edir, İdarə Heyətinə sədrlik edir, Mərkəzi Bankı təmsil edir, rəhbər heyət arasında vəzifə bölgüsünü aparır və əsas Qanunun 24-cü maddəsinə əsasən İdarə Heyətinin səlahiyyətinə aid olmayan məsələləri həll edir.

Azərbaycan Mərkəzi Bankı (AMB) struktutunda kifayət qədər maraqlı məqamlar var. Diqqət çəkən məqamlardan biri odur ki, bankın çox geniş tərtibli ali rəhbərliyi var. Hər hansı bir qurumun ali rəhbərliyinə "sədr", "prezident",  onların müavinləri, müşavirləri, vitse-prezidentləri və vəzifəsinin əvvəlində "baş" ifadəsi işlədilən vəzifəli şəxslər daxildir.

AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov yazıcı Tahir Kərimovun oğludur. O, bu vəzifəyə gələnə qədər "Pasa Bank"a rəhbərlik edib. AMB İH sədrinin birinci müavini Əliyar Nəmmədov, müavinləri isə Əli Əhmədov, Toğrul Əliyev, Gülər Paşayeva və Vüsal Xəlilovdur. Yəni sədrin cəmi 5 müavinin var. AMB-nin nə az, nə çox, düz 9 baş direktoru var: Vüsal Əhmədov, Rəna Məlikova, Rəşad Məmmədov, Şahin Mahmudzadə, Fuad İsayev, Vüsal Qurbanov, Anar Mansurov, Eldar Seyidov və Tərlan Rəsulov.

AMB sədrinin 5 müşaviri var: Abdulla Məlik-Aslanov, Vüqar Əliyev, Akif Bağırov, Ülvin Əliyev və Ziya Əliyev.

Mərkəzi bankın 29 departament baş direktoru var, 3 departamentin isə baş direktorunun yeri boşdur, 1 şöbə rəisi var.

Göründüyü kimi, ölkənin ali bankının rəhbərliyi 40 nəfərlə təmsil edilir. AMB rəhbərliyini Rusiya Bankının (Rusiyanın mərkəzi bankı belə adlanır) rəhbərliyi ilə müqayisə etdikdə ikinci çox cılız görünür. Çünki Rusiya Bankının rəhbərliyi 1 sədrdən, 2 birinci müavindən və 10 sədr müavinindən ibarətdir. Yəni cəmi 13 ali rəhbər vəzifəli şəxs Rusiya kimi nəhəng ölkənin mərkəzi bankını idarə edir.

Azərbaycanda ötən ilin sonuna olan məlumata görə, pul bazası 21 milyard manat təşkil edib. Ötən il Rusiyanın pul bazası isə manat ifadəsində 2 trilyon manatdan çox olub. Necə olur ki, Rusiyada 2 trilyon manatı 13 nəfər idarə edir, amma Azərbaycandakı 21 milyard manatı idarə etmək üçün 40 ali vəzifəli, yüksək səviyyəli mütəxəssis lazım olur? Rusiyanın pul bazası Azərbaycanın pul bazasından 74 dəfə çoxdur. Amma buna baxmayaraq, AMB-nin rəhbər vəzifəli şəxslərinin sayı (40) Rusiya Bankının rəhbər vəzifəli şəxslərinin sayından (13) az qala 4 dəfə çoxdur.

Üstəlik, Rusiya Bankının saytına nəzər salanda görürük ki, heç bank sədrinin belə foto-şəkli saytda yerləşdirilməyib. Ancaq AMB-nin saytı illüstrasiya albomuna bənzəyir - saytda AMB İH sədrinin, onun müavinlərinin və müşavirlərinin rəngli şəkilləri yerləşdirilib. Bu hansı ehtiyacdan yaranır?  Bu adamlar nə mədəniyyət xadimidir, nə də ki, siyasi persona deyil. Onların şəkillərinin reklam edilməsinə nə ehtiyac var? Müəyyən mənada, əksinə, təhlükəsizlik baxımından bu şəxsləri cəmiyyətin tanımaması daha məqsədəuyğundur. Bu. sadəcə olaraq narsisizmdən (özlərinin "xüsusi" və ya "seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir) başqa bir şey deyil. Çünki onlar özlərini strateji bir qurumun saytında reklam edərək dövlət maraqlarını zərbə altına qoyurlar. Çunki bu adamlar strateji bir sahənin menecerləridir, onlar haqqında cəmiyyətdə nə qədər az informasiya olsa, bir o qədər yaxşıdır.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, AMB-nin dördüncü dərəcəli vəzifəli şəxsləri - departament rəhbərləri "baş direktor" adlanır. Axı nəyə görə? Onlar "baş direktor" adlanırsa, onların tabeliyində bir neçə direktor da olmalıdır. Bu da yoxdur.

Yəni onlar "baş direktor" səlahiyyəti daşıyırsa, onlardan aşağı vəzifəli şəxslər "direktor" səlahiyyətinə malik olmalıdırlar. Amma AMB-də belə bir subordinasiya mövcud deyil. O üzdən bank rəhbərliyi, yəni o 40 nəfərdən biri bu yeniliyə aydınlıq gətirsə yaxşı olar.

Akif NƏSİRLİ





Seçilən
19
baki-xeber.com

1Mənbələr