Ana Vətən Partiyasının sədri, Milli Məclisin sabiq üzvü Fəzail Ağamalının mətbuata müsahibəsində mərhum eks-prezident Əbülfəz Elçibəyin 1975-ci ildə həbs olunması ilə bağlı fikirləri əksini tapıb. AVP sədrinin çağdaş milli azadlıq hərəkatının liderlərindən olmuş bir sıra şəxslər haqqında söylədiyi fikirlər birmənalı qarşılanmayıb. Müsahibədə qeyd olunub: "Elçibəyin məhkəməsində ondan sonra ən çox adı hallanan ikinci şəxs mən olmuşam. Bizdən bir kurs aşağıda oxuyan Nəsir Ağayev və onun qrup yoldaşı Fərhad Vahabov var idi. Mən onların hərəkətlərindən şübhələnmişdim. Əbülfəz bəyə dedim ki, onları bizim aramıza göndəriblər, onlarla münasibət qurma. Elçibəy də dedi ki, narahat olma, onlar heç nə edə bilməzlər". AVP sədri Fəzail Ağamalı "Olaylar"a bildirib ki, sözügedən müsahibənin mətnində yanlışlğa yol verilib: "Bir necə gün öncə "Modern.az"-a vermiş olduğum müsahibənin mətnində yanlışlıq getmişdir. Müxbirin mənə mərhum Əbülfəz Elçibəylə bağlı ünvanladığı sualda bəzi məqamlara toxundum və söylədim ki, bizdən aşağı qrupda oxuyan Nəsir Ağayevin də qrup yoldaşları olan Fərhad Vahabov və Aydın Hacıyev Əbülfəz Elçibəy haqqında Dövlət Təhlükəsizlik Komitəsinə məlumatlar verirdi. Bununla bağlı mən Əbülfəz Elçibəyi onlara inanmamağı dəvət etdim. Mənim inanmamaqla bağlı ifadələrmin Nəsir Ağayevlə hər hansı bağlılığı yoxdur. Bunlar Fərhad Vahabov və Aydın Hacıyevə aid olan ifadələrdir. Sizdəki yazını oxuduqdan sonra həmin müsahibəyə bir daha baxdım və gördüm ki, orada yanlış ifadə getmişdir. Müsahibədə Nəsir Ağayev və Fərhad Vahabovun adı çəkilib, heç orada Aydın Hacıyevin adı çəkilmir. Elə çıxır ki, guya həmin dosyeni ötürən Nəsir Ağayev olub. Qətiyyən belə deyil, o, yanlışlıqdır. Görünür ki, yazını hazırlayanda diqqətsizlik olub, mənim də diqqətimdən yayınıb ona iradımı bildirməmişəm. Demək istəyirəm ki, Nəsir Ağayev tələbəlik illərində Əbülfəz Elçibəylə yaxın dostluq edənlərdən biri idi və Azərbaycan xalq hərəkatında da onun kifayət qədər yeri və rolu var, bu danılmazdır. Bakı və Kəndlər Birliyinin Azərbaycanın azadlıq hərəkatında fəal rolunu təmin edən Nəsir Ağayev olmuşdur. Nəsir Ağayev bir Azərbaycan oğlu kimi milli azadlıq hərəkatında öz möhürünü tarixə vurmşdur. Heç bir halda Nəsir Ağayev haqqında bu cür düşünmək, bu cür yanlış fikir söyləmək qətiyyən olmaz. Ona görə də tələbəsi Nurəddin bəydən də xahiş edərdim ki, bunları nəzərə alsın. Hətta hərəkatdan sonrakı illərdə də mənim Nəsir Ağayevlə həm bir tələbə yoldaşı, həm də dost kimi çox yüksək münasibətlərim olub. Onun bir kitabı dərc olunmuşdu, mən onunla bağlı Nəsir bəyin evinə də getdim. Övladı da buna şahiddir, onunla xeyli söhbətlərimiz də oldu. Bizim hərəkatın birgə iştirakçıları, azadlıq uğrunda həyatlarını sərf edən Azərbaycanlı övladları kimi hər zaman bir-birimizə çox böyük rəğbətimiz olub. Mən baş verən bu yanlışlığı düzəltmək, buna aydınlıq gətirməyi özümə borc bildim. Bir daha təkrar edirəm ki, rəhmətlik Nəsir Ağayevə Ulu tanrıdan rəhmət diləyirəm! Allah yerini cənnət etsin! Nəsir Ağayev Azərbaycan xalq hərəkatında xüsusi rolu və yeri olan dəyərli dostlarımızdan biridir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31