AZ

Paşinyan Suriyada islahatlara dəstək verəcək?- Dünən Əsədin cinayət ortağı idilər, bu gün isə...

Image

Elşən Manafov: “Düşünmürəm ki, Suriya-Ermənistan münasibətləri Əsəd dövründəki kimi yaxın olsun”

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əl-Şibani ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, xarici işlər nazirinin müavini Ermənistan hökumətinin Suriya tərəfi ilə ikitərəfli münasibətləri inkişaf etdirmək öhdəliyini diqqətə çatdırıb: “Kostanyan Ermənistanın humanitar və islahatların keçiriləcəyi sahələri, eləcə də Suriyada prioritet hesab edilən müxtəlif digər proqramları dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Hər iki tərəf Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğunu vurğulayıb. Həmsöhbətlər qonşularla münasibətlərin tənzimlənməsinin vacibliyini qeyd edərək, regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Suriya tərəfi Ermənistan nümayəndə heyətinin Dəməşqə səfərini yüksək qiymətləndirib. Əlaqələrin davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub”.

O da məlumdur ki, Ermənistan Suriyada vətəndaş müharibəsi dönəmində Bəşər Əsəd rejiminə dəstək verib. Həmçinin Emənistan minatəmizləmə işində Əsəd rejiminə yardım edib. O baxımdan, Əsədin dövründə Suriya xalqına etdiyi pisliklərə görə Ermənistan üzr istəmədən iki ölkə arasında yeni münasibətlərin qurulması nə deməkdir? Türkiyə buna necə icazə verə bilər?

“Qarabağ müharibəsi zamanı rəsmi Dəməşqin İrəvanın xeyrinə olan demarşlarını da unutmayıblar”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanın Qərbə inteqrasiya istəyi, habelə Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində həyata keçirmək istədiyi siyasət onun post-Əsəd Suriyasının yenidən qurulmasında iştirak etmək mövqeyini şərtləndirir. Ermənistan hakimiyyəti gözəl başa düşür ki, Suriyadakı yeni hakimiyyət onlara çox da önəm verməyəcək. Çünki vətəndaş müharibəsi dönəmində Ermənistan Əsəd rejiminin yanında olub. Sadəcə, Suriyada müəyyən sayda erməni yaşadığı üçün hazırkı hakimiyyət Ermənistanla əlaqələri bərpa edir. Ona görə də düşünmürəm ki, Suriya-Ermənistan münasibətləri Əsəd dövründəki kimi yaxın olsun. Digər tərəfdən, Dəməşqdəki yeni hakimiyyətin dünəni Qərb və Türkiyəyə bəlli olsa da, tərəflərdən hər biri onların maraqlarının Suriya və ətraf regionda nəzərə alınması şərti ilə Dəməşqin yeni hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Qərb Rusiya hərbi bazaları Suriyadan çıxarılacağı təqdirdə, Türkiyə isə Culani hakimiyyəti İsraili və PKK-nı cilovlamağa söz verdiyi halda münasibətləri genişləndirməyə hazır olduqlarını bildiriblər. Ermənistan, təbii ki, adıçəkilən dövlətlərlə münasibətləri nizama salmaq istəyindən çıxış edərək, Suriya ətrafında gedən oyunlarda əliboş qalmaq istəmir. Əksinə, belə vəziyyətdən çıxış edərək bu əməkdaşlıqdan yüksək faizlərlə qazanmaq istəyir. Əvvəla, erməni kilsəsi və erməni diasporasının bir qayda olaraq Suriyada yüksək imkanları, geniş əlaqələri olub. Ermənistanda Qarabağ müharibəsi zamanı rəsmi Dəməşqin İrəvanın xeyrinə olan demarşlarını da unutmayıblar. Nəhayət, ümumərəb dünyası ilə bağlı maraqlar Ermənistanın Suriyanın yenidən qurulması ilə bağlı proseslərə fəal müdaxiləsini vacib və qaçılmaz edir”.

Vidadi ORDAHALLI





Seçilən
19
baki-xeber.com

1Mənbələr