AZ

Sahib Məmmədov: "İş qrafikinin dəyişməsi əmək şəraitinə təsir edir"

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov iş qrafikində dəyişikliklərlə bağlı vacib suallar qaldırıb. Onun sözlərinə görə, iş rejiminin dəyişdirilməsi əmək şəraitinin şərtlərinin dəyişməsi deməkdir və bu prosesin qanuni tənzimlənməsi tələb olunur.

Sahib Məmmədov bildirir ki, iş qrafiklərinin kim tərəfindən və hansı əsaslarla təqdim edildiyi sual altındadır:

"Bunu təqdim edənlər işəgötürəndən soruşublar? İşçilərdən razılıq alınıbmı? Qanunvericiliyə əsasən, iş qrafikində dəyişiklik edildikdə, ən azı bir ay əvvəl işçilərə xəbərdarlıq olunmalıdır. Bundan əlavə, bəzi müəssisələrdə iş rejimini dəyişmək mümkün deyil. Məsələn, növbəli və ya vaxta sistemi ilə işləyən müəssisələr var. Xüsusilə, 24/7 rejimində fəaliyyət göstərən və həyati vacib xidmətlər göstərən iş yerlərində bu dəyişikliklər necə tənzimlənəcək?"

Hüquqşünas həmçinin vurğulayır ki, ölkədə çoxminlik işçi kollektivi olan müəssisələrin sayı azdır, lakin işçilərinin sayı 3, 5, 15, 20, 50 nəfər olan iş yerləri onminlərlədir. Bu müəssisələrdə iş qrafikinin düzgün icra olunmasına kim nəzarət edəcək?

Bundan əlavə, iş rejimindəki dəyişikliklər əlavə xərclər yarada bilər:

"Məsələn, iş saatının bir hissəsi gecə vaxtına düşərsə, əmək haqqına əlavə ödəniş edilməlidir. İş saatının qaranlıq vaxta düşməsi enerji xərclərini artırır. Bu xərcləri kim ödəyəcək? Dövlət orqanları və büdcə təşkilatlarında, eləcə də tədris müəssisələrində iş qrafiki necə tənzimlənəcək?"

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
8
qht.az

1Mənbələr