Bakı, 10 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marko Ştuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun ölkəmiz tərəfindən rəhbəri Anar Kərimov Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətləriin inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycan-Sloveniya Birgə İşçi Qrupunun fəaliyyətinin ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdiyi bildirilib. Ölkəmizdə son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar və əldə olunan nailiyyətlər, dünyanın qabaqcıl təcrübələri sırasına daxil edilən DOST Konsepsiyası, sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması proqramının uğurları barədə məlumat verilib.
M.Ştuçin Azərbaycanda səfərdə olmağından məmnunluğunu, ikitərəfli əlaqələri dərinləşdirilməkdə maraqlı olduqlarını, sosial sahədə də təcrübə mübadilələrinin aparılmasının qarşılıqlı faydalı ola biləcəyini qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinə, iqtisadi-ticarət əlaqələrinin, investisiya əməkdaşlığının genişləndirilməsinə, əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.