AZ

"Qızıl bazarında mütləq dəyişiklik aparılmalıdır" — Ekspert

Son günlər dünya bazarlarında qızılın qiymətində davamlı artım müşahidə edilir. Bu bahalaşma təkcə beynəlxalq maliyyə bazarlarını deyil, həm də yerli bazarlardakı qiymətləri dəyişməyə məcbur edəcək. Azərbaycanda da qızılın dəyərinin yüksəlməsi həm xammal, həm də hazır zərgərlik məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, Azərbaycan de-yure dünya bazarına inteqrasiya olunmuş bazardır, de-fakto isə belə deyil:

“Dünya bazarında bir malın qiyməti artanda, mütləq bir neçə gün öncə Azərbaycan bazarı ona reaksiya verir.  Endirəndə isə Azərbaycan bazarı demək olar ki, ona reaksiyaya vermir. Azərbaycan bazarı kiçik olduğu üçün bazarının bütün seqmentləri insan qruplarının əlindədir. Dünya bazarında qiymət qalxarsa, Azərbaycan bazarında da qiymət qalxacaqdır. Nazirlər Kabinetinin 114 saylı qərarına görə, qızıl məmulatları, daş-qaşlar dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Azərbaycan əmtəə bazarında saxta və əyyarı səhv yazılmış qızıllar mövcuddur”.

O qeyd edib ki, 2019-cu ilə qədər ölkədə əyyar palatası var idi:

“Onlar qızılları yoxlayırdılar, damğa vururdular. Biz də istehlakçılara deyirdik ki, hansı qızılın üzərində damğa varsa, onu alın, o yoxlanılıbdır. Lakin indi əyyar palatası ləğv olunubdur. Bu bazar tam nəzərətsiz bir vəziyyətdədir. Ona görə də qızıl bazarında mütləq dəyişiklik aparılmalıdır. Ümumiyyətlə, bu belə qala bilməz və bu bazar mütləq araşdırmalıdır. Belə məsələləri araşdırmaqda çox önəmli rol oynan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi işlər apara bilər.  Çünki həmin qurum həmişə belə araşdırmalarda çox ciddi nəticələr əldə edir. Azərbaycanın əmtəə bazarında saxta qızıllar var”.

Leyla Turan
Demokrat.az
Seçilən
17
demokrat.az

1Mənbələr