AZ

Gerçəkləri üzə deyə biləcək cəsarət

Bu yaxınlarda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfransın keçirilməsi, sözsüz ki, müsbət haldır. Bu qədər soydaşımızın bir araya gəlməsini alqışlayırıq.

Sözügedən onlayn-konfransda səsləndirilən fikirlərdən və xüsusən də komitə sədri Fuad Muradovun çıxışından belə məlum oldu ki, hazırda diaspor quruculuğu uğurla davam edir.

Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu, əlbəttə, yalnız real diaspor işi ilə məşğul olan şəxslər qiymətləndirə bilərlər.

Ancaq mənim zənnimcə, bu gün bəzi xarici ölkələrdə diaspor təşkilatlarımızın fəaliyyətinə Komitə tərəfindən daha sıx dəstəyin verilməsi prioritet olmalıdır. Həmin ölkələrdən biri də Fransadır.

Bu ölkənin dünya erməniçiliyinin mərkəzinə çevrildiyini hamımız yaxşı bilirik. Soydaşlarımıza qarşı ən çox şiddətin baş verdiyi, səfirliyimizin erməni vandalları tərəfindən hücuma məruz qaldığı ölkə də məhz Fransadır. Bir neçə il öncə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının Parisdə keçirilən Xocalı faciəsini anım tədbiri də məhz ermənilərin zorakılığına məruz qalmışdı.

Bütün bunlar onu deməyə əsas verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi də erməni lobbisinin təhdidlərinin neytrallaşdırılması və eləcə də, erməni yalanlarının birbaşa yerindəcə ifşa edilməsi üçün Fransaya daha çox diqqət yetirməlidir. Bunun üçün Fransadakı fəal diaspor təşkilatlarına həm mənəvi, həm də maddi dəstək verilməlidir. Xocalıda törədilmiş qeyri-insani vəhşilikləri erməni təbliğatının təsirinə uyan fransızların diqqətinə çatdırmaq istəyən, bununla bağlı çeşidli tədbirlər keçirmək, layihələr icra etmək istəyən diaspor təşkilatlarını Komitə özü (onların müraciətini gözləmədən) axtarıb tapmalıdır.

Həmin təşkilatlardan birinin adını mən az öncə yuxarıda qeyd etdim. Fransa-Azərbaycan Dialoqu Assosiasiyasını nəzərdə tuturam. Bu təşkilatın vitse-prezidenti Aytan Muradova Parisdə yüzlərlə, minlərlə ermənilərin qarşısına çıxıb, gerçəkləri onların üzünə deyə biləcək cəsarətə və təcrübəyə sahibdir. Bu cür aktiv soydaşlarımızı və onların təkliflərini diqqətdən kənarda saxlamaq olmaz.

P.S. Bu gün diaspor xətti ilə dünya erməniçiliyinə ən böyük zərbəni məhz Fransa üzərindən vurmaq barədə düşünməliyik.

Seçilən
17
vaxt.az

1Mənbələr