Cəmiyyətin sosial və siyasi fəallığı ölkənin güclənməsi baxımında önəmli faktordur. Bunun üçün bir neçə məqama diqqət yetirilməlidir ki, onların da başında insan hüquq və azadlıqlarının müdafiəsi gəlir. Cəmiyyətin böyük bir hissəsi öz hüquqlarını bilmir. Bu isə maarifləndirmə işinin qənaətbəxş olmamasından yaranıb.
Eyni zamanda, bu məsələdə siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının üzərinə ciddi məsuliyyət düşür. Sivil qaydada vətəndaşların siyasi proseslərə cəlb olunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi məhz partiyaların üzərinə düşən vəzifələrdən biridir. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunandan sonra bu sahədə də inkişafa nail olunacağı gözlənilir. Azərbaycan cəmiyyəti bir sıra məsələlərdə birləşməyi, vahid güc olmağı bacarır. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü.
Ölkəmizdə vətəndaşlar dövlətçilik naminə sosial fəallıqlarını artırmalıdır
Siyasi kimliyindən, sosial mövqeyindən və durumundan asılı olmayaraq, hər kəs vahid yumruq halında birləşdi və qazanılan tarixi qələbədə bu məqam önəmli paya sahibdir. Bu gün ölkədə bir sıra beyin mərkəzi, strateji mərkəzlər, ictimai-siyasi institutlar fəaliyyət göstərir. Bu təşkilatlarda kifayət qədər aktiv gənclər var. Dövlət qurumları yanında yaradılan könüllülük institutu da bu istiqamətdə atılan önəmli addımlardır. Bütün bu fəaliyyət gələcəkdə ölkədə sosial və siyasi fəallığın artırılmasında önəmli faktora çevrilməlidir. Ölkəmizdə vətəndaşlar dövlətçilik naminə sosial fəallıqlarını artırmalıdırlar. Bir sözlə, cəmiyyətin mənəvi-əxlaqi, sosial, iqtisadi, mədəni və siyasi dəyərlərinin qorunması işində insanların qeyrət göstərməsinə ehtiyac çoxalıb. O cümlədən, ölkəmizdə sabitliyin saxlanmasında və seçkinin tam demokratik keçirilməsində onların təşəbbüskar iştirakı vacibdir.
118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak edib
Məlum olduğu kimi, bu il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak edib. Keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub. Ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb. Burada seçici fəallığı 38,50 faiz olub. Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir. Burada aktivlik göstəricisi 24,45 faizdir. Düzdür, bu dəfəki bələdiyyə seçkilərində seçici fəallığı elə də yüksək deyildi. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu il bəzi məntəqələrdə bələdiyyə seçkilərinin nəticələri ləğv edilib. Belə ki, Azərbaycanda bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib. 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib. Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə də bir seçki məntəqəsinin nəticələri ləğv edilib. Ümumən, bələdiyyə seçkiləri ölkədə cəmiyyətin sosial-siyasi fəallıq səviyyəsinə necə təsir göstərdi?
Bələdiyyələrin ciddi səlahiyyəti olsa, bu, ictimai fəallığın artmasına müsbət təsir göstərəcək
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı hesab edir ki, ölkədə bələdiyyələrin vəziyyəti və səlahiyyət çərçivəsi ortadadır: “Bələdiyyə Azərbaycan dilinə ərəb dilindən keçib. Mənası şəhər, özünüidarə deməkdir. Buna Qərbdə munsipalitet deyirlər. Dünyada bunun iki forması var. Anqlasakson və fransız forması. Anqlosakson forması əsasən Böyük Britaniya və Birləşmiş Ştatlardadır. Orda yerlərdə prezidentin səlahiyyətli nümayəndəsi olmur. Bütün hakimiyyət seçkili qurum olan yerli özünüidarəyə verilir. Fransız formasında isə yerlərdə həm prezidentin nümayəndəsi olur, həm də xalqın seçdiyi yerli özünüidarəetmənin nümayəndələri olur. Məsələn, qardaş Türkiyədə və Azərbaycanda fransız forması var. Azərbaycanda bələdiyyələr 20-ci əsrin əvvəllərində də formalaşdırmağa başlanılmışdı. Məsələn, 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikası dönəmində də bu məsələyə cəhd olmuşdu. Ancaq bolşeviklər milli hökuməti devirəndən sonra bu məsələ ortadan qalxdı. Ancaq 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Avropa Şurasına üzv olmaq üçün bələdiyyələrin yaradılmasına qərar verdi. Çünki AŞ-nin Azərbaycan qarşısında qoyduğu öhdəliklərdən biri bələdiyyələrin formalaşdırılması idi. 1995-ci ilin noyabrında qəbul olunan Konstitusiyada bələdiyyələrə aid hissədə qeyd edilmişdi ki, Konstitusiya qəbul olunandan iki il sonra bələdiyyə seçkiləri keçiriləcək. Ancaq müxtəlif səbəblərdən bu seçki 1997-ci ildə yox, 1999-cu ildə keçirildi. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrında keçirildi. İndiyənə qədər də xalq arasında bələdiyyələrin nüfuzu yoxdur. Ona görə ki, bələdiyyələr səlahiyyətsiz bir qurumdur. Yerlərdə olan icra hakimiyyətləri hətta bələdiyyələrə verilən səlahiyyətləri də mənimsəyir və onların müstəqil fəaliyyət göstərməsinə imkan vermir. Ona görə də bələdiyyə seçkiləri cəmiyyətdə güclü sosial-siyasi fəallığa səbəb olmur. Məsələn, ev pulunu mənzil istismar sahələri yığır. Zibilləri bu qurumlar daşıyır. Yəni MİS-lərin fəaliyyəti müəyyən qədər cəmiyyəti qane edir. Ancaq bələdiyyələrin ciddi səlahiyyəti olsa, o zaman bu, ictimai fəallığın artmasına öz müsbət təsirini göstərəcək. Bu baxımdan bələdiyyələrlə bağlı ciddi islahatların keçirilməsinə ehtiyac var”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.