AZ

Azərbaycanlı musiqiçilərin Bursadakı möhtəşəm çıxışı – VİDEO - FOTO

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin ən böyük konsert salonlarından biri, Bursada yerləşən Atatürk Mədəniyyət və  Konqres Mərkəzinin Orxanqazi salonunda  Azərbaycanın Əməkdar artistləri  Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət  Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimov və tarzən, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadənin iştirakı ilə simfonik konsert təqdim olunub.  Fuad İbrahimovun dirijorluğu ilə  Bursa Bölgə Dövlət Simfonik Orkestri ilə çıxış edən musiqiçilərimizin çıxışları böyük alqış və maraqla qarşılanıb. Azərbaycan musiqisindən ibarət konsert proqramı musiqimizin zənginliyini nümayiş etdirib.

Musiqiçilərimiz səfər təəssüratlarını bölüşərək bildiriblər ki,  bundan əvvəl də görkəmli dirijor və ifaçılarımız  Bursa Bölgə Simfonik Orkestri ilə birgə  çıxış ediblər. Bizim budəfəki səfərdə təqdim etdiyimiz proqram və çıxışlarımız da  sevgi və maraqla qarşılandı, konsert anşlaqla keçdi.

Qeyd edək ki, Əməkdar artist, tarzən Sahib Paşazadə Bursa Bölgə Dövlət Simfonik Orkestri ilə ilk dəfə 2005-ci ildə  Xalq artisti, dirijor Rauf Abdullayevlə birgə solo konsertlə çıxış etmişdi. Bundan əlavə Xalq artistləri Fəxrəddin Kərimov, Yalçın Adıgözəlov, Əlixan Səmədov, Əməkdar artist Əyyub Quliyevin bu orkestrlə birgə çıxışları həm ölkəmizdə həm də  Türkiyədə  musiqi ictimaiyyətinin  diqqətində olub.

Bu il gerçəkləşən birgə layihədə  konsertin proqramı əsas etibarı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət olub.

Beynəlxalq Muğam Mərkəznin direktoru, Əməkdar artist Sahib Paşazadə konsertlə bağlı təəssüratlarını bölüşərək diqqətə çatdırıb ki, Fuad İbrahimovun peşəkar dirijorluğu ilə  çıxışlarımız  böyük rəğbətlə qarşılandı. Fuad İbrahimovla bir səhnəni bölüşmək mənə çox xoş idi. Çünki, biz dirijor və solist kimi səhnədə bir-birimizi çox gözəl və mükəmməl olaraq hiss edir, musiqinin xüsusiyyətlərini, ifa olunan əsərin xarakterini ifadəli şəkildə  tamaşaçılara  ötürə bilirik.  Konsertdə Hacı Xanməmmədovun Tar və orkestr üçün 2 nömrəli konsertini ifa etdikdən sonra tamaşaçıların çoxsaylı xahişi ilə əlavə olaraq "Çahargah" muğamını da solo olaraq türkiyəli musiqisevərlərə ərməğan etdim.  

Konserti izləyənlər sırasında bölgənin rəsmiləri, millət vəkilləri, orkestrə sponsorluq edən tanınmış şirkətlərin rəhbərləri, iş adamları, Azərbaycanın Türkiyədəki nümayəndəliklərinin əməkdaşları var idi.

Qeyd edək ki, Azərbaycan musiqisinin əsrarəngiz gözəlliyini özündə cəm edən proqramda əsərlərin bir-biri ilə həmahəngliyi, bir hekayədən digərinə keçidlərlə körpü quraraq türkiyəli tamaşaçıları musiqi ilə dərin, fəlsəfi səyahətə dəvət edib. Bəstəkar, Xalq artisti Oqtay Zülfüqarovun  xalqına məhəbbət və sədaqəti musiqinin dili ilə ifadə edən "Şənlən, mənim xalqım" əsəri, Azərbaycan muğamının dərin çalarları ilə simfonik orkestrin vəhdətində Hacı Xanməmmədovun  tar üçün yazdığı əsərin  individual və daha dərin emosional səviyyədə təsiri tamaşaçılara xoş ovqat bəxş edib. Dirijor və orkestr, solist və orkestr tandemində əsərlərin ifadəliyi sanki insan duyğularını səhnəyə gətirmiş təəssüratı yaradıb. Proqramda dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Leyli və Məcnun " süitası da özəlliyi ilə diqqət mərkəzində olub. Ardınca səslənən P.İ Çaykovskinin "Romeo və Cülyetta" fantaziya-uvertürası Fuad İbrahimovun dirijorluğu ilə sanki Şərq və Qərbin iki böyük sevgi hekayəsinə  yolçuluq edərək sevginin zamansızlığına şahidlik edib. Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Azərbaycan musiqisindən ibarət konsertində dirijor Fuad İbrahimov və Sahib Paşazadə musiqimizin zəngin notlarını, dərin çalarlarını türkiyəli həmkarları ilə böyük coşğu ilə paylaşıblar.

Onu da qeyd edək ki, konsertdən öncə TRT (Türkiyə Radio və Televizya Qurumu) kanalı Azərbaycanlı musiqiçilərdən müsahibə alaraq geniş süjet təqdim edib. Konsert kanal vasitəsilə tam olaraq lentə alınıb və yaxın günlərdə TRT 2 vasitəsilə nümayiş olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
milli.az

1Mənbələr