Norveç 2022-ci ilin fevralından 2024-cü ilin dekabrınadək ixrac etdiyi qazdan təxminən 100 milyard dollar əlavə mənfəət əldə edib.
Valyuta.az bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə istinadən xəbər verir.
Məqalə müəllifi yazır ki, krallıq yanacaq satışının həcmini kəskin artırıb. Hesabat dövründə ixrac gəlirləri 5 dəfə artıb. Bunun iki səbəbi var: yanacağın ixracının həcminin artması və qazın Ukraynadakı münaqişədən əvvəlkindən xeyli baha qiymətə satılması.
Noyabrın ikinci yarısında Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov bildirib ki, bir sıra Avropa İttifaqı ölkələrinin Rusiya qazını almaqdan imtina etməsi fonunda krallıq 115 milyard dollardan çox gəlir əldə edib.
O xatırladıb ki, Norveç Aİ-nin bütün anti-Rusiya sanksiyalar paketlərinə qoşulub. Eyni zamanda, sanksiyalar krallığın iqtisadiyyatına müxtəlif təsirlər göstərib. Bir tərəfdən Norveç rus qazını sıxışdıraraq layiqli gəlir əldə etdi, digər tərəfdən Oslo Moskva ilə ikitərəfli ticarət-iqtisadi əlaqələri məhv etmək qərarına gəlib.
Paşa Məmmədli