Ankara, 10 fevral, AZƏRTAC
2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya fevralın 10-da cənub-şərq əyaləti olan Şırnaka səfəri zamanı söyləyib. O xatırladıb ki, Türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.
“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə A.Yerlikaya qeyd edib. O bildirib ki, Milli Müdafiə və Milli Kəşfiyyat Nazirliyi bu işdə fəal töhfələrini verirlər.
Nazir Şırnakdakı Qabar dağı ərazisinə də diqqət çəkib: “Bu ərazidə əvvəlki illərdə terrorizmlə fəal mübarizə aparılıb. Bu gün ölkənin ən böyük “qara qızıl” yatağından neft hasilatı davam edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara