Şair dostumun ölümü məni sarsıtdı. 66 ömür nə idiki? Hələ bundan sonra nə qədər gözəl əsərlər yaza bilərdi? Bu itkini mən də belə qələmə aldım.
Bu dünyanı sən etmişdin saf-çürük
Gecə-gündüz, hər dənəsi bir hörük
Tanrı qoyub yer üzünə dağ körük
Ya İsrafil çal surunu, çal dedi.
Ömür bitdi, zaman-məkan qal dedi
Bu ömürdü hərə yaşar bir cürə
Gələn atın sürəcəkdi min yerə
Kişi kimi yaşadınsa bir kərə
Öz izini, öz yolunu sal dedi
Ömür bitdi, zaman-məkan qal dedi
Nə biləydin çalınacaq sur indi?
Həyat gözəl, yaşa, yarat qur indi
Kimlər gəlib görüşünə dur indi
Bu həyatdan, bu qisası al dedi
Ömür bitdi, zaman-məkan qal dedi
Gəl bu daşı ətəyindən tök canım
Nə tökmüsən indi onu tik canım
Özün boyda daş yükünü çək canım
Yarı acı, yarı şirin, bal dedi
Ömür bitdi, zaman-məkan qal dedi
Heç düşünmə ömür getdi, son oldu
Bir qoymuşdun zaman-zaman on oldu
Ömür, gündü axır dönüb yön oldu
Daş demədi, qaya dedi, sal dedi.
Ömür bitdi, zaman-məkan qal dedi.
10.01.16