AZ

ADP Rusiya ilə gərginliyin artmasından narahatdır - AÇIQLAMA

Partiya hesab edir ki, Moskva Azərbaycanın tələblərinə etinasızlıq göstərdiyi halda beynəlxalq komissiya yaradılması üçün hüqiqi addımlar atılmalıdır

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları 25dekabr 2024-cü ildə Azərbaycana məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra dövlət başçısının Rusiyaya qarşı irəli sürdüyü tələblərdən dolayı iki ölkə arasında yaranmış gərginliklərin yüksələn xətt üzrə davam etməsindən narahat olduğunu bildirib. Baş vermiş qəza ilə bağlı aparılan araşdırmaların istiqamətinin Rusiya üzərində cəmləşməsinə baxmayaraq, Kremlin hələ də məsələdən yayınması, rəsmi şəkildə üzr istənilməməsi, günahkarların cəzalandırılmaması, əksinə bu hadisədən sonra rus media resurslarında, rəsmi dairələrdə Azərbaycan əleyhinə kampaniyaların aparılması adı çəkilən ölkənin xoş niyyətindən xəbər vermir. Partiya yetkililəri bununla bağlı hakimiyyəti bu qəzanın müəllifi olan Rusiyaya qarşı irəli sürülən tələblərdə israrlı olmağa, Moskvanın üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün prinsipiallıq göstərməyə və bu tələblərə etinasızlıq göstərildiyi halda beynəlxalq komissiya yaradılması üçün hüqiqi addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar Rusiyanın Azərbaycana qarşı əks-təbliğat işi aparması, bu dövlətin ərazisində yaşayan soydaşlarımıza polis zorakılığı göstərilməsi fonunda hakimiyyətin əks tədbirlər görməsi, Azərbaycanda agentura şəbəkəsinə çevrilən “Rus evi”nin bağlanması, rus mədəniyyət mərkəzlərinin üzərində nəzarətin gücləndirilməsi istiqamətində atdığı addımları təqdir edib və Rusiyanın imperialist iddialarının gerçəkləşməsinə xidmət edən bu strukturların fəaliyyətini durdurmağa, dövlət büdcəsi hesabına maliyyələşən rusdilli məktəblərinin özəl sektorla əvəzlənməsini həyata keçirməyə çağırıb.

İdarə Heyəti ABŞ-nin yeni prezidenti D.Trampın Qəzza əhalisini qonşu ərəb ölkələrinə köçürülməsi, bu bölgəni ABŞ-nin protektoratlığına verilməsi ilə bağlı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyib, bu cəhdin beynəlxalq hüququn ana prinsiplərinə zidd olduğunu, deportasiya xarakteri daşıdığını diqqətə çatdırıb və Yaxın Şərqdə yeni müharibə alovunun qızışmasına xidmət edən, terrora yol açan addım kimi dəyərləndirib.

İdarə Heyəti Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə bir daha münasibət bildirib, Rusiyanın sülh szişi ilə bağlı irəli sürdüyü ağır şərtlərin yolverilməz olduğunu, bu şərtlərin Ukraynanın ərazi bütövlüyünün, suverenliyinin qəsdinə yönəldiyini diqqətə çatdırıb və dünyanın nüfuzlu dövlətlərini beynəlxalq hüququ saya salmayan Putin Rusiyanını bu qanlı müharibədən geri dudurmağa, ya da bu ölkə üzərinə daha ağır sanksiyalar tətbiq etməyə çağırıb.

İdarə Heyəti İranın Ermənistandakı səfiri M.Sübhanin Ermənistan baş naziri N.Paşinyanın iki ölkə arasında əldə edilən sülh sazişinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasına etiraz etmədiyi barədə səsləndirdiyi fikirlərdən sonra, bunun əleyhinə bəyanatla çıxış etməsini qətiyyətlə pisləyib və bu addımın Ermənistanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib. Partiya yetkililəri M.Sübhaninin bu yolun İran ərazisindən keçməsinə etiraz etməməsi ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib və bu halda adı çəkilən ölkənin Naxçıvana və əks istiqamətə daşınan yük və sərnişinlərin maneəsiz gediş-gəlişinin İran tərəfindən təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

İdarə Heyəti son vaxtlar ölkədə bu və ya digər adlar altında çox sayda jurnalistlərin, siyasi aktivlərin həbs edilməsindən ciddi narahat olduğunu, bu faktın qonşu dövlətlər tərəfindən təhdidlərin artdığı bir zamanda vətəndaş həmrəyliyinə, milli birliyə xidmət etmədiyini bildirib və hakimiyyəti insan hüquq və azadlıqları, söz, mətbuat azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, həbs edilən jurnalistləri gözlənilən əfv siyahısına daxil etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar ölkəyə daxil olan və ya ölkəmizdə istehsal olunan tərkibi insan üçün zərərli olan, bir sıra vaxtı keçmiş mühüm qida, ərzaq mallarının əhaliyə satışından, insanların bu qidalardan müxtəlif ağır xəstəliklərə düçar olmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti qida təhlükəsizliyi üzrə tədbirlər görməyə, əhaliyə bu cür zərərli, vaxtı keçmiş məhsulları satan şəxsləri və şirkət sahiblərini ciddi cəzalandırmağa, qanun qarşısında cavabdehliyini təmin etməyə çağırıb.

İdarə Heyəti son vaxtlar yaxın və uzaq dövlətlərdən Azərbaycana qarşı təhdidlərin, təxribatların intensiv xarakter almasından dolayı dövlətimizin bu təhdidləri neytrallaşdırmaq üçün öz xarici siyasətində böyük güc faktoru olan ABŞ ilə münasibətlərinə ağırlıq verməyə, qardaş Türkiyə, Pakistanla iqtisadi, siyasi, hərbi sferada daha irəli gedən bağlantılar qurmağa ehtiyac duyduğunu diqqətə çatdırıb.

KƏNAN

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr