AZ

Çinin Fənərlər bayramı ilə bağlı mühazirə təşkil edilib

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun “Çin mədəniyyəti” onlayn lektoriyasında “Çin Fənərlər bayramı” mövzusunda mühazirə təşkil olunub.

Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan bildirilib. İnstitutun direktoru Rafiq Abbasov bayramın yaranması ilə bağlı əfsanələr, Fənər festivalı ənənələri - “yange” rəqsi, alovlu əjdaha görünüşündə fənərlə rəqs, müxtəlif çeşidli içliyi ilə düyü unundan böyük toplar formasında hazırlanan şirin bayram yeməyi “yuanxiao” barədə məlumat verib. O, bayramın əsas mərasimi - müxtəlif heyvanlar, çiçəklər və meyvələrə bənzər və əsl sənət əsərləri olan ənənəvi Çin çıraqlarından danışıb. Rəvayətə görə, ilk fənər Han imperatoru Vu Dinin dövründə yandırılıb. Sun sülaləsindən bəri tapmaca həlli Fənər festivalının məcburi hissəsi hesab olunurdu. İnsanlar kağız parçalarına müxtəlif tapmacalar yazır və onları rəngli fənərlərə yapışdırırlar. Fənərin sahibi tapmacasını təxmin edən şəxsə mükafat verməyə borcludur.

Rafiq Abbasov, həmçinin qeyd edib ki, bu ənənəvi bayramlar qədim tarixə malik və unikal Çin mədəni irsinin bir hissəsidir və tələbələrə Çin etnosunun sosial-mədəni xüsusiyyətlərini daha yaxşı başa düşməyə imkan verir. Həmçinin tələbələrin Çin dilini öyrənmə prosesini tamamlayır.

Bildirilib ki, Bahar bayramının sonu və ilin tam ay ilə ilk gecəsinin başlanğıcını bildirən Fənərlər bayramı Çində geniş şəkildə qeyd olunur. Fənər festivalının məqsədi barışığı, sülhü və bağışlamağı təşviq etməkdir. Fənərlərin köməyilə çinlilər qarşıdan gələn Yeni illə bağlı ümidlərini ifadə edirlər. Müasir Fənər festivalı insanlara ötən ili buraxmaq və Yeni ili minnətdarlıq və yaxşı ümidlə qarşılamaq üçün xatırlatmadır.

Mühazirə zamanı Pekin və Şanxayda keçirilən Fənər festivalının filmləri nümayiş etdirilib.

Seçilən
10
1
yeniazerbaycan.com

2Mənbələr