AZ

Tanınmış klub rəhbəri yeni “futbol bumu” gözləyir - NƏLƏR OLACAQ?

“İnkişaf straregiyası futbolun əsas sütunlarını ehtiva edir və bu, həyata keçəndən sonra Azərbaycan futbolu ücün əhəmiyyətli dərəcədə faydalı olacaq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Seyidov deyib.

Hazırda II Liqada çıxış edən "Dinamo"nun İdarə Heyətinin sədri olan təcrübəli funksioner AFFA-nın inkişaf strategiyasının əsas hədəflərindən və məsələnin həll yollarından danışıb.

Uzun llərdir ölkə futboluna xidmət edən idarəçi yeni strategiyanın Azərbaycan futbolu üçün faydalı ola biləcəyini bildirib:

«AFFA-nın inkişaf strategiyasının əsas 5 hədəfi artıq ictimaiyyətə təqdim olunub. Bəndləri oxuyan hər kəs artıq məlumatlıdır.

Düşünürəm ki, əsas yaralı yerimiz gənc futbolçuların Avropanın aparıcı klublarında çıxış etməməsidir. Bu səbəbdən istedadlı oyunçularımızı yetişdirmək üçün Azərbaycanın yeni, innovativ Futbolun İnkişafı Mərkəzi yaradılacaq.

Bu praktika artıq Fransada öz bəhrəsini verib. İndi isə Azərbaycanın bütün bölgələrində seleksiya işləri aparılmalı, istedadlı gənclər üzə çıxarılmalıdır.

Hətta sizə deyim ki, biz o vaxt “Bakı”da çalışarkən bu təcrübəni həyata keçirmişdik. Ölkəmizin bölgələrindən oyunçuları üzə çıxarıb, yaratdığımız böyük “Bakı” layihəsinə cəlb edirdik.

Demək olar ki, bütün bölgələrdən futbolçular yığmışdıq. Lakin sonradan maliyyə problemləri ilə üzləşdiyimiz üçün layihəni başa çatdıra bilmədik.

İndi inanırıq ki, bu layihə Azərbaycan futboluna öz töhfəsini verəcək. Əsas 5 hədəfin ana xətti olaraq bu hissəni xüsusi qeyd edərdim”.

Müsahib bildirib ki, yeni strategiya həm kişilərdən və qadınlardan ibarət millilərin, həm Avropa yarışlarında iştirak edən komandalarımız, həm də kütləvi futbol, məşqçilər, infrastruktur, təhsil proqramları, ən əsası, klublara sərmayə yatrımı edərək, futbolun inkişafına təkan verəcək:

”Davamlılıq və sosial məsuliyyət vacib şərtdir. Bütün bunlar AFFA, regionlar, klublar və futbolla əlaqəsi olan bütün tərəflərlə birlikdə komanda şəklində hərəkət edərək, yüksək naliyyətlər və qarşıya qoyulan hədəflərə çatmaq olar.

Azərbaycan futbolunun təbliğinə, populyarlaşmasına, daha da inkişaf etməsinə hamımız çalışdıqda, nailiyyətlər qazanmaq mümkündür.

KİV-nin də futbolun təbliğində və piar olunmasında çox böyük rolunu strategiyada xüsusi və müstəsna əhəmiyyətini nəzərə almaq vacibdir».

Seyidovun fikrincə, zəhmət çekilməsə və hər kəs fədakarlıq etməsə, işinə vicdanla yanaşmasa, hansısa uğurun əldə olunmasından söhbət gedə bilməz:

«Ən əsası, bu strategiyanın həyata keçməsi üçün onun öz işini bilən, həyatını futbola verən mütəxəssislərə həvalə olunmalıdır.

Çünki bu strategiya hazırlanandan sonra Azərbaycan futbolunda olan bəzi biabırçılıqlar üzə çıxdı. Yazılan bəndlərdən sonra bəlli oldu ki, liqalarda çıxış edən 34 klubdan cəmi 5-nin bazası minimum tələblərə cavab verir.

Milli komandamız 3 stadionda oyunlarını keçirə bilir və bütün yaş qruplarından ibarət yığmalarımız Mərdəkanda yerləşən “Dalğa Arena”da məşqlərini keçirirlər.

Azərbaycanda 65 Uşaq-Gənclər İdman Məktəbi mövcud olduğu halda, onlardan cəmi 5-nin futbol meydanı var. Azərbaycanda 4400 məktəb var və onlardan cəmi 40-da futbol dərsləri keçirilir.

Sadaladığım bu hallar yazılan strategiyadan sonra üzə çıxdı. Heç vaxt belə bir şəraitdə güclü futbolçu yetişdirmək mümkün olmaz”.

Seçilən
14
sportinfo.az

1Mənbələr