AZ

Paşinyan Ermənistanın silahlanmasına haqq qazandırmağa çalışdı- absurd iddialar irəli sürdü...

Image

Ermənistan Respublikası beynəlxalq səviyyədə tanınmış, o cümlədən Azərbaycan tərəfindən tanınmış ərazi bütövlüyü və suverenliyini qorumaq üçün öz ordusunda islahatlar aparır. Bu fikir Ermənistanın baş naziri Nikol Paşinyanın məqaləsində yer alıb. Burada islhatlar deyilərkən həm də Ermənistan ordusunun silahlandırlması nəzərdə tutulur. 

Paşinyan bütün bunların Azərbaycanla həm əlaqəsinin olduğunu, həm də olmadığını bəayn edir. O iddia edir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı hərbi əməliyyat keçirmək planı, niyyəti və məqsədi yoxdur. Ardınca da vurğulayır ki, guya Ermənistanın təhlükəsizliyinə təhdidlər Azərbaycanın özündə formalaşır. Elə bu fonda o, Ermənistanın silahlanmasına haqq qazandırmağa çalışır.  Faktdır ki, rəsmi İrəvanın sərgilədiyi ritorika, xüsusilə hərbiləşmə meyilləri regionda silahlanma yarışını sürətləndirir. Bu da o anlama gəlir ki, Ermənistan faktiki olaraq növbəti müharibəyə hazırlaşdırılır və Cənubi Qafqazda münasibətlərin gərginləşdirilməsi fonunda təhlükəli oyunlar qurulur. Ermənistan heç zaman regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olmayıb. Ona görə ki, Ermənistan müstəqil siyasət apara bilmir, Qərb dövlətlərinin diktəsi altında hərəkət edir. Xüsusən də Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması onun yeni müharibəyə hazırlaşmasını göstərir. Əlbəttə Ermənistan təkbaşına Azərbaycana qarşı hər hansı müharibəyə hazırlaşmaq iqtidarında deyil. Yeni müharibə avantürası Qərbin müəyyən qüvvələrinin növbəti planıdır. Əlbəttə ki, burada Ermənistan hakimiyyəti ilə Qərbin həmin qüvvələrinin maraqları üst üstə düşür. Bu arada qeyd edək ki, Nikol Paşinyan Parisə işgüzar səfərə gedib. Onun Fransa paytaxtında keçiriləcək Süni İntellekt Sammitində iştirak edəcəyi bildirilir. Qeyd olunur ki, səfər çərçivəsində Paşinyan Fransa prezidenti Emmanuel Makronla da görüşəcək. Burada isə regional məsələlər, o cümlədən Ermənistanın silahlanması yenə əsas müzakirə predmeti olacaq. Regionda sülh tələb edən Azərbaycan açıq şəkildə bundan narazılığını bildirir. Azərbaycan bununla bağlı öz şərtlərini açıq-aşkar şəkildə irəli sürüb. Elə prezident İlham Əliyev də qeyd edib ki, Ermənistan dərhal silahlanmanı dayandırmalı, alınan silahları geri qaytarmalı və bütün kontraktlara xitam verməlidir. Yəni, əks təqdirdə bundan ziyan görən, ilk növbədə, Ermənistan olacaqdır. Birincisi, Ermənistan nə qədər silahlanırsa silahlansın, heç bir halda Azərbaycanla bu yarışda hər hansı bir üstünlük əldə də bilməyəcək. Digər tərəfdən bu silahlanma sülh prosesinə əngəl törədir. Həmçinin bu, Ermənistanın özü üçün də böyük problemdir. Çünki Ermənistan bir iqtisadi bataqlıqdadır. Ermənistanla silahlanma yarışına çıxsa belə ölkənin onsuz da kasad olan büdcəsi bu təzyiqə davam gətirə bilməz və ölkə defolta uğraya bilər. Ekspertlər qeyd edir ki, Ermənistan Ukrayna deyil. Onun Ukrayna qədər potensialı və dəstəyi yoxdur və heç zaman da olmayacaq. Ona görə Ermənistanın silah alışları ilə bağlı öyünməsi onun təhlükəsizliyini heç də gücləndirmir. 

Məsələnin geosiyasi tərəfləri də var. Proseslər bir daha göstərir ki, Ermənistanın beynəlxalq himayədarlarının mövqeyi zəifləməkdədir. ABŞ-da Ermənistanla bir o qədər də yaxın olmayan Donald Tramp administrasiyası hakimiyyətə gəlib. Fransada Makron hökuməti ciddi sosial və iqtisadi problemlərlə üzləşir. Digər tərəfdən, Ermənistanın müttəfiqi Bəşər Əsəd rejimi devrilib, Rusiya-Ermənistan münasibətlərində isə ciddi soyuqluq müşahidə olunur. Belə vəziyyətdə Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın sülh təşəbbüslərinə müsbət yanaşmaqdır. Bu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğvi, məhkəmələrdəki qarşılıqlı iddialardan imtina və sərhədlərdə üçüncü tərəf qüvvələrinin olmaması şərtlərini əhatə edir. Yalnız bu yolla Ermənistan öz gələcəyini, inkişafını təmin edə bilər. Hər halda Ermənistan üçün gec deyil. Amma görünən budur ki, reallıqla barışmaq əvəzinə, Ermənistan silahlanmaya daha çox üstünlük verir, sülhü təhdid altına atır. Ermənistanın silahlanması regionu barıt çəlləyinə çevirməklə arzuolunmaz hadisələrin yaşanmasına zəmin yaradır. Fakt odur ki, Ermənistanın bu gün düşdüyü ağır sosial-iqtisadi durum onun silahlanmasına, Azərbaycanla yeni müharibə aparmasına imkan vermir. Ermənistanın arxasında bəzi qərb dövlətləri, xüsusilə Fransa, Avropa İttifaqı dayanır. Onlar Ermənistanı silahlandırmaqla yeni müharibəyə hazırlaşdırmağa çalışırlar. Bu bir daha göstərir ki, sülhdən, demokratiyadan, insan haqlarından dəm vuran bəzi Qərb dövlətləri və təşkilatları əslində pərdə arxasında gizlənərək öz çirkin maraqlarını reallaşdırmaq istəyirlər.  Bu gün Azərbaycan qüdrətli orduya malikdir, müasir silahlarla təchiz olunub və ölkəmizin müdafiə və təhlükəsizlik məsələlərinə böyük diqqət yetirilir. Ermənistanı köhnə silahlarla silahlandırıb Azərbaycana qarşı müharibəyə hazırlaşdırmaq məntiqsizlikdir və Ermənistanı məhv etməyə bərabərdir. Əgər yenə müharibə olarsa, Ermənistanı 44 günlük Vətən müharibəsində olduğu kimi biabırçı məğlubiyyətdən başqa heç nə gözləmir. Hər halda, bunu ermənilər mütləq nəzərə almalıdırlar.

Samirə SƏFƏROVA





Seçilən
25
baki-xeber.com

1Mənbələr