Bakı. TurkicWorld:
Azərbaycan-İran arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb.
TurkicWorld-un məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında Araz çayı üzərində Xudafərin və Qız Qalası hidroqovşaqları və SES-ləri, həmçinin, Ordubad SES Azərbaycan-İran əməkdaşlığının önəmini əks etdirir.
Bir çox istiqamətlərdə, o cümlədən, iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur.
Ticari əməkdaşlıq üzrə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30%-dən çox artıb. Əlaqələrimizin müxtəlif istiqamətlərdə yeni məzmunla zənginləşdirilməsi ilə bağlı Tehran şəhərində iki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasının 16-cı iclasında səmərəli danışıqlar aparılıb.
Əməkdaşlığımızın əsas istiqamətlərindən biri nəqliyyat sahəsidir. 2024-də iki ölkə arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23% artıb", -deyə o bildirib.
Baş nazirinin müavini deyib ki, nəqliyyat sahəsində bir sıra faydalı layihələr icra olunub, digər layihələr üzrə səmərəli iş birliyi davam etməkdədir:
"Avtomobil və dəmiryol bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək ən qısa beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də, Siyahrud-Ordubad avtomobil körpüsini inşası regionun regionun logistik iqtisadi potensialının artmasına xidmət edir.
Şimal-Cənub Nəqliyyat dəhlizinin təşviqi, Astaraçay üzərində avtomobil körpüsünün inşası və digər layihələr ölkələrimizin nəqliyyat əlaqələrimizin inkişaf etməsi ilə yanaşı regionumuzun logistika imkanlarının artmasına hesablanıb".