AZ

Uruda gedən yol Laçından keçir: Bizim həyətdəki qocaman tutun, altına sərməyə xalımız da var!

O mübarək günədək özünü Qərbi Azərbaycanlı elan etmiş Taleh Şahsuvarlıya və bu şərəfli missiyanın bütün daşıyıcılarına ithaf edirəm

 

Allah sənə insaf versin, Taleh! Bu gecə gözümü də yummamışam. "Tale adamı" məqaləni oxuyandan sonra səhəri diri gözlü açmışam. O dağlar, dərələr, çəmənlər, örüşlər, əkin- biçin yerləri, bağlarımız, bostanlarımız bir- bir gözümün qabağından gəlib keçdi. Dağıdılmış, talan edilmiş yurdlarımız, yağmalanmış ev- eşiyimiz, altı üstünə çevirilmiş məzarlarımız, məscidlərimiz, ocaqlarımız, pirlərimiz, uşaqlıq illərimizin, yaddaşımızın çiliklənmiş xatirələri dil açdı, əl uzatdı, məni səslədi. Çöldə külək vıyıldayır elə bilirəm Üçtəpənin yelidir, elə bilirəm Bazarçayın şırıltısıdır.

 

İnsanı söz yaradıb, deyirlər. Amma, məncə, insanı irəliyə aparan, milyon illərin o başından bu günümüzə gətirib çıxardan SƏS olubdur. O səsin dalınca gedən insan özünü tapıb, özünü təkmilləşdirib, özünü inkişaf etdirərək böyüyüb. İnsanlar səs - səsə verərək birləşib, tayfa olub, el- oba olub, millət olub.

 

Mən bu gecə o SƏS- i eşitdim. Bu Ümidin səsi idi, bu Torpağın, Suyun, Vətənin səsi idi. Bu səs Ruhun, Yaddaşın, Talenin səsi idi.

 

Gəl deyirdi,- bu SƏS!

 

Yaxşı ki, yaddaşlar hələ yerindədir, yaxşı ki, o yolları, cığırları tanıyan nəsil hələ sağdır.

 

Biz sağ ikən ora qayıtmalıyıq, o yolları, cığırları, aşırımları, gədikləri, döngələri babalarının adını daşıyan oğlanlarımıza tanıtmalıyıq. O dağıdılmış baba yurdlarını adlarını daşıyan nəvələr yenidən bərpa edəcəklər, dirçəldəcəklər, cənnətə döndərəcəklər.

 

Qayıtmağın şərtini və yolunu isə Ulu Öndər illər öncə müəyyən etmiş və bizə öyrətmişdir. Hələ ötən əsrin doxsanıncı illərində Ulu Öndər Heydər Əliyev böyük müdrikliklə və uzaqgörənliklə demişdir:

 

"Tarix böyükdür. Bir əsrdə olan hadisələr sonrakı əsrlərdə dəyişilə bilər. Biz, sadəcə, bu həqiqətləri əsərlərdə əks etdirməliyik. Ancaq nə vaxt, nə mümkün olacaq,- bunu tarix göstərəcəkdir. Biz məhz bu tarixi torpaqların bizə mənsub olmasını daim sübut etməliyik. Bu bizim geniş miqyasda işimizdir."

 

Biz məhz bu öyüddən dərs alaraq, bu tarixi missiyanı yerinə yetirmək üçün yola çıxdıq. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Liderliyi ilə nəsillərə nümunə olacaq şərəfli yol keçdik, döyüşdük, şəhidlır verdik, himnimizdə deyilən kimi,-" hərə bir qəhrəman oldu", nəhayət , 44 günlük Zəfər savaşından sonra arzularımızın ŞUŞA zirvəsinə qovuşduq. Dayandıq, toxdadıq, bir az nəfəs dərdik, daha sonra Ağdama, Laçına, Kəlbəcərə getdik. Ali Baş Komandan İlham Əliyevin qüdrətli əlləriylə qaldırılan, Xankəndinin baş meydanında şəstlə ucalan və qürurla dalğalanan ay-ulduzlu üçrəngli bayrağımız isə, "Qarabağ Azərbaycandır"-, nidasının əyani təcəssümü oldu!

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!

 

Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi genişləndi, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.

 

Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi.

 

Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü.

 

Qələbənin, uğurun formulu çox sadədir: Müzəffər Komandan- müzəffər Ordu-müzəffər Xalq.

 

Qələbənin uğur simvolu isə heç şübhəsiz ki, Dəmir Yumruqdur- xalq, ordu, rəhbər birliyini əks etdirən və düşmənin başını ilan başı kimi əzən dəmir yumruq!

 

...Qarabağ yaylası Zəngəzur dağlarının davamıdır. Yolumuz o dağlara tərəfdir.

 

Yolum Zəngəzuradı,

Kəbəm, qibləm oradı.

Hər qayası bir ayə,

Hər dağı bir surədi.

 

Hər birimizin babamızın məzarı üstündə ürəyimizdən keçən sözlərimiz var, bu sözlər məhz elə Ali Baş Komandanın ürəyindən keçirdiyi və addım- addım reallaşdırdığı sözlərdir!

 

Bir Liderin ürəyindən keçən sözlər, onun xalqının hər bir sıra nəfərinin də ürəyindən keçirsə bu artıq Haqqın Sözüdür və Haqqın Özüdür!

 

Ali Baş Komandanın baba məzarı üstündə ürəyindən keçən sözləri inanıram ki, lap yaxın vaxtlarda Dünya eşidəcəkdir!

 

O gün hamımız ürəkdən deyəcəyik: Gözün aydın olsun, Vətən torpağı, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!

 

Və sonda, əziz dostum Taleh Şahsuvarlı, çox doğru və haqlı olaraq yazırsan ki, sən özünü Qərbi Azərbaycanlı elan etmisən!

 

Bəli hamımız bu gün Qərbi Azərbaycanıl olmalıyıq, sabahkı daha parlaq günlərimiz naminə bir yerdə olmalıyıq!

 

Qardaş qardaşı ilə, əl - əli ilə, el - eli ilə güclüdür!

 

İrəvanda görüşənədək!

 

Uruda gedən yol Laçından keçir

Zəng vurdum, açmadın telfonu, Taleh,

Nisgilim iynənin ucundan keçir.

Göyərən ümidin ünvanı birdi

Uruda gedən yol Laçından keçir.

Daşlar həmin daşdı, dağlar həmin dağ,

Göyərəni otdu, daşı göyərməz.

Anası ağlamaz sərvaxt igidin

Ağlar göz kor olar, yaşı göyərməz.

Getdi, qayıtmasın ağlar günləri

Daha ağlamağın zamanı deyil.

Cəsarət qılıncı mərd əlindədir

Mərd OĞUL deyəni zəmanə deyir!

Kim deyir dağ- dağa qovuşa bilməz,

Hünər körpü salar dərənin üstdən.

Bir igid nərəsi şimşək tək çaxar

Dağlar al geyinər qaranın üstdən.

Bir vaxt Qaragöl də qara xəyaldı,

İndi İşıqlının su aynasıdır.

Qara keşişlərin qara niqabın

O yurdlar biryolluq soyunasıdır.

Qaçqın çörəyinin dadı bilinməz,

Kündəsi küt gedər, ya da şit düşər.

Adını tarixə yazar, silinməz,

İgidin baxtına şəhidlik düşər!

Su murdar götürməz, torpaq da pakdır,

Vətən qəriblərin duzdax yeridir.

Gülü güllə ilə açılacaqdır

Zəngəzur tətikdə barmaq yeridir.

Haqqın yüz adı var, özü ki, birdi.

Qoymaz ayrı düşsün dağı qarından.

Şair karandaşı haqq elçisidi

Qəhrəman göyərdər hər yonqarından.

Qonaqlıq borcu var, Musa Urudun,

Qərbi Zəngəzura yolumuz da var.

Bizim həyətdəki qocaman tutun

Altına sərməyə xalımız da var!

 

MUSA URUD,

Milli Məclisin deputatı

Seçilən
26
5
gundem.az

6Mənbələr