AZ

Gürcüstanlı akademik: Azərbaycanda abidələrin bərpası istiqamətində gedən proseslərdən qürur duyuram

Tbilisi, 10 fevral, AZƏRTAC

Tarixi, mədəni, abidələrin, milli-mədəni irsin qorunması, bərpası və təbliği hər bir xalq üçün çox vacibdir. Mədəniyyətsiz millət olmur. Milləti millət edən, tanıdan, onu inkişaf etdirən elmi, mədəniyyəti və incəsənətidir. Ona görə də mədəniyyətimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi qorumağımız olduqca vacibdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Milli Elmlər Akademyasının həqiqi üzvü, Albert Şnayder adına Beynəlxalq Sülh mükafatı laureatı, Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani söyləyib. Onun sözlərinə görə, bu gün istər Azərbaycanda, istərsə də Gürcüstanda çoxlu sayda tarixi, mədəni abidlər var: “Onların bəziləri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Biz bütün abidələrin mühafizəsinə, bəzi səbəblərdən zədələnmiş abidələrin bərpasına xüsusi diqqət yetirməliyik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indi sürətli quruculuq, abadlıq işləri həyata keçirilir. Tarixi, mədəni abidələr təmir və bərpa olunur, o cümlədən Şuşada Bülbülün ev-muzeyi bərpa olunub. Mən buna çox sevinirəm və dost, qardaş Azərbaycanda gedən proseslərdən qürur duyuram. Arzu edirəm ki, müharibələrə son qoyulsun. Mədəniyyətimizi qoruyaq, inkişaf etdirək” , - deyə o vurğulayıb.

Akademik deyib: “Mən siyasətçi deyiləm, mədəniyyətşünasam. Bizim işimiz mədəniyyət sahəsi ilə bağlıdır. İstər Gürcüstanın mədəniyyət naziri, istərsə də parlamentin deputatı olduğum zamanlarda hər zaman xalqlar arasında mədəni abidələrin qorunmasına, inkişafına, mədəni abidələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirmişəm. Ona görə də deməliyəm ki, əgər biz mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi qoruya bilsək, gələcəyimiz də yaxşı olar, gələcək nəsillərimiz də. Bu, təkcə Azərbaycan və Gürcüstan ərazilərinə aid deyil, qonşu Ermənistan və Türkiyəyə də aiddir. Biz sülh və əmin-amanlıq, sabitlik üçün çalışmalıyıq. Bizim nicatımız və inkişafımız sülh və sabitlikdən asılıdır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
13
azertag.az

1Mənbələr