AZ

Azərbaycanın beynəlxalq statusu dəyişir- yüksək gəlirli ölkə...

Image

Azərbaycan orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırdır. Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə “Dünyanın İnkişafı haqqında Hesabatı”nın Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdən bəri cəmi 4 orta gəlirli ölkə yüksək gəlirli ölkələr sırasına keçib: “Azərbaycan da buna hazırdır. Bunu etmək asan olmasa da, biz hazırıq. Bununla bağlı iqtisadi layihələrin şaxələndirilməsi tələb olunur. Bunu etmədiyimiz halda biz lider mövqelərdə deyil, geriləməkdə olacağıq”. Bundan başqa, Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan innovasiyalara yönəlmək üçün zəruri infrastruktura və bazaya malikdir: “Biz bu zəmində çiçəklənən, inkişaf edən ölkəyə çevrilə bilərik. Hazırda dünyanın qarşısında ciddi çağırışlar dayanır. Azərbaycandakı vəziyyətə baxsaq, güclü rəhbərlik, güclü tərəfdaşlıqlar, o cümlədən Dünya Bankı ilə aparılan tərəfdaşlıqlara baxdıqda biz çox qabaqcıl gələcəyə doğru irəliləyə bilərik. İnnovasiya Azərbaycanın vacib diqqət yetirdiyi sahələrdən biridir, uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün vacibdir. Bunun üçün startaplara və sahibkarlara dəstək göstərilməlidir”. Bunlar fonunda qeyd edək ki, Azərbaycan hazırda postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsindədir. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanan “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması ilə 2026-cı ilin sonuna ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərin baş verəcəyi, iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə prioritet sahələrdə artım templərinin sürətlənəcəyi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da güclənəcəyi gözlənilir. Belə vəziyyətdə Azərbaycanın yüksək gəlirli ölkə statusu əldə etməsi daha da asanlaşır. O da faktdır ki, uzunmüddətli artımın əsas amilləri qeyri-enerji sektorunda məhsuldarlığın yaxşılaşdırılması və insan kapitalının yaradılmasıdır. Struktur transformasiyanı sürətləndirən və səmərəsizliyi azaldan daha iddialı islahatlar kompleksi məhsuldarlığı və orta gəlirləri daha da artıra bilər.

Onu da qeyd edək ki, son 50 ilin dərslərinə əsaslanaraq, “2024-cü il üzrə Dünya inkişafı haqqında hesabat: Orta Gəlir Tələsi” müəyyənləşdirir ki, ölkələr zənginləşdikcə adətən ABŞ-ın adambaşına ümumi daxili məhsulunun 10 faizi səviyyəsində bir “tələyə” düşür - bu gün üçün bu rəqəm 8000 dollar ekvivalentindədir. Bu, Dünya Bankının “ortagəlirli” ölkələr kimi təsnif etdiyi ölkələr qrupunun təxminən orta adambaşına ÜDM-ə bərabərdir. Dünya Bankı inkişaf etməkdə olan iqtisadiyyatların “orta gəlir tələsi”ndən qurtulmaq üçün nələri edə biləcəyini müəyyən edir. 1990-cı illərdən bəri yalnız 34 ortagəlirli iqtisadiyyat bu uğura nail olub. 2023-cü ilin sonunda qalan 108 ölkə “orta gəlir tələsi”ndə ilişib qalıb. 1970-ci ildən bəri ortagəlirli ölkələrin adambaşına düşən orta gəliri heç vaxt ABŞ-ın göstəricisinin 10 faizindən yuxarı qalxmayıb.

Bugünkü mühitdə yüksək gəlir statusuna çatmaq daha da çətin olacaq – səbəblər sırasında inkişaf etməkdə olan ölkələrdə yüksək borc və yaşlanan əhali, inkişaf etmiş iqtisadiyyatlarda isə artan proteksionizmi qeyd etmək olar. “Dünya İnkişafı haqqında Hesabat”ın 2024-cü il buraxılışında bütün inkişaf etməkdə olan iqtisadiyyatların orta gəlir tələsindən necə qurtula biləcəyi izah edilir. Hesabat ölkələrin yüksək gəlir statusuna çatması üçün “3i strategiyası”nı təklif edir. İnkişaf mərhələlərinə görə, bütün ölkələr ardıcıl və getdikcə daha mürəkkəb siyasət qarışığını tətbiq etməlidir. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays vurğulayıb ki, təhsil və səriştələrin inkişafı innovasiyaların stimullaşdırılmasında və məhsuldarlığın artırılmasında mühüm rol oynayır: “Hesabatımızda “3i” prinsipi - investisiya, infuziya (qabaqcıl bilik və texnologiyaların yayılması) və innovasiya təqdim edilib. Bunlar xüsusi diqqət yetirdiyimiz üç əsas aspektdir”. Aşağıgəlirli ölkələr yalnız investisiyaları artırmağa yönəlmiş siyasətlərə fokuslana bilərlər – bu, birinci “i” mərhələsidir. Lakin aşağı-orta gəlir statusuna çatdıqdan sonra, onlar sürəti artırmalı və ikinci “i” mərhələsinin siyasətlərinə keçməlidirlər. Bu mərhələ investisiya və infuziyadan, yəni xaricdən texnologiyaların qəbul edilməsi və onların iqtisadiyyata yayılmasından ibarədir. Yuxarı-orta gəlir səviyyəsində çatdıqdan sonra ölkələr yenidən sürəti dəyişməli və sonuncu, üçüncü “i” mərhələsinə keçməlidirlər: investisiya, infuziya və innovasiya. İnnovasiya mərhələsində ölkələr artıq ideyaları qlobal texnologiya liderlərindən borc almırlar - onlar sərhədləri irəli aparırlar. Azərbaycan artıq bu mərhələyə çatıb. Hazırda Azərbaycan 54 yuxarı orta gəlirli ölkə arasında qrupda olan ən gənc ölkələrdəndir. Bu isə başqaları ilə müqayisədə ölkənin növbəti gəlir qrupuna keçid imkanlarını əhəmiyyətli dərəcədə artırır. Müvafiq dərəcənin müəyyən edilməsi üçün istifadə olunan 21 göstəricidən 19-da və ya 90%-də Azərbaycan qrup daxilində üstünlüyə malikdir. Mütləq üstünlüyün olmadığı göstəricilərin heç biri üzrə ölkə autsayder mövqeyə malik deyil. Elə bu fonda Azərbaycanın yüksək gəlirli ölkələr sırasında yer alması tamamilə mümkün görünür.

Ramil QULİYEV





Seçilən
30
baki-xeber.com

1Mənbələr