AZ

“Kişi müəllimlər azalıb, Elm və Təhsil Nazirliyi ciddi islahatlar həyata keçirməlidir ki...” - ÖZƏL

“Son dövrlər, əsasən də son 10-15 ildir ki, kişi müəllimlərin təhsil istiqamətində, yəni pedaqoji əsaslarla təhsil almaları təəssüflər olsun ki, kəskin şəkildə azalıb. Biz xüsusi hallarda görürük ki, hansısa bir kişi müəllim riyaziyyat yaxud fizika müəllimliyi ixtisasında təhsil alır. Qalan ibtidai sinif, Azərbaycan dili, xarici dil, baxça müəllimidir, yəni bunların içərisində biz qətiyyən kişi müəllimlərinə ya rast gəlmirik, ya da 1 yaxud 3 nəfərə rast gəlirik. Bu isə təbii ki, təhsil sferasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Hazırda da bütün bunları bariz görə bilirik”
 
Bunu Moderator.az-a açıqlamasında Təhsil məsələləri üzə mütəxəssis Elçin Əfəndi deyib. O daha sonra əlavə edib.
 
“Kişi müəllimlərin məktəbdən uzaqlaşmağının kökündə əlbəttə ki, maddiyat dayanır. Əməkhaqqının azlığı kişiləri başqa istiqamətə yönəldir. Təbii ki, bunun da qarşısını almaq üçün düşünürəm ki, mütləq müəllimlərin əməkhaqqında artım olmalıdır. O cümlədən kişilərin təhsil prosesinə qaytarılması, cəlb olunması üçün müəyyən güzəştlərin tətbiqi, islahatların həyata keçirilməsi, sosial yardımın edilməsi, bir növ onları bu istiqamətə təhsil almağa sövq etməlidir. Onlar bundan sonra motivasiyaedici qərarlar verməlidir. Əlbəttə bundan sonra biz kişi müəllimlərin pedaqoji əsaslarla təhsil almasına yaxud da müəllim fəaliyyətinə başlamasında artımı müşahidə edə bilərik. Hazırda baxsaq 4 min 400-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlarda daha çox qadın müəllimlərdir. 80 faizi məhz qadınlardır, yerdə qalan 20 faiz isə kişi müəllimlərdir. Onlar da daha çox fiziki tərbiyə, texnologiya müəllimləridir. Qalan ixtisaslarda biz kişi müəllimləri barmaqla sayılacaq qədər tapa bilirik. Bu da çox ciddi problemdir. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mütləq ciddi islahatlar həyata keçirməlidir” deyə ekspert bildirib.
Elçin Əfəndi bildirib ki, Bakıya nisbətən kişi müəllimləri rayonlarda daha çoxdur:
 
“Bunun səbəbi odur ki, xanım müəllimlər vakant yerləri tutub bölgələr üzrə getmirlər. Amma kişi müəllimlər həmin bölgələrdə o vakant yerləri seçə bilirlər. Kişilər üçün hardasa ucqar kəndə gedib orada yaşamaq uyğundur, amma qadın müəllimlər də ailə məsələlərinə görə, cəmiyyətin mental dəyərləri məsələsinə görə ucqar rayonlara getmirlər. Digər bir səbəb kimi isə bəzi hallarda pedaqoji ixtisasları hansısa rayonda böyüyüb boya başa çatmış, o cümlədən pedaqoji təhsil almış kişilər seçirlər. Öz yaşadığı rayon üzrə, yaxud qonşu rayon üzrə. Onlar üçün bu sərf edir. O nöqteyi nəzərdən qadınlarla müqayisədə kişi müəllimlərin bölgədə say çoxluğu nəzərə çarpacaq dərəcədədir” deyə Elçin Əfəndi bildirib.
Seçilən
25
moderator.az

1Mənbələr