AZ

Bütün bankomatların ətrafı müşahidə kameraları ilə təmin edilsin - TƏKLİF

Ötən həftə DİN 2024-cü ildə kiber müdaxilə yolu ilə bank kartlarından ümumilikdə 22 milyon manat vəsaitin talanması haqqında çox diqqətçəkən məlumat paylaşıb.

Azərbaycan üçün bu, çox böyük rəqəmdir. Sektorda ciddi problemlərin olmasından xəbər verir.

DİN-in bu məlumatında maraqlı bir məqam da var.

Məlumatda qeyd olunurdu ki, bu cinayətlərin 178-i "bankamatdan pul çıxarılmasına kömək adı ilə" vətəndaşın aldadılması yolu ilə həyata keçirilib.

Düşünmək olar ki, bu üsulla aldadılanların əksəriyyəti pensiyaçılar olub.

Əlbəttə, çox təəssüfləndiricidir.

Təsəvvür edək, 178 pensiyaçı bir ay pulunu gözləyir, son anda onu hansısa kiber dələduz “yardım etmək” məqsədilə kart nömrəsi, PIN kodu və digər vacib məlumatları ələ keçirməklə mənimsəyir.

Kimdir günahkar ?

Fikrimcə hamımız. Cəmiyyət bunun fərqində olmalıdır.

Əlbəttə ilk növbədə pensiyaçı diqqətli olmalıdır, amma pensiyaçını günahlandırmaq da doğru olmazdı.

İlk növbədə bu 178 pensiyaçı hansı bankın müştərisidirsə daha çox məsuliyyət daşıyan da onlardır, daha çox vəzifə onların üzərinə düşür.

Banklar müştərilərinin təhlükəsizliyini qorumaq üçün daha ciddi işlər aparmalı, bura resurslar ayırmalıdır. Xüsusilə də pensiyaçılar üçün əlavə tədbirlər görülməlidir. Pensiyaçıların kartları ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülə bilər.

Bütün bankomatların ətrafı müşahidə kameraları ilə təmin edilməli və onlar daim işlək vəziyyətdə olmalıdır.

Eyni zamanda aidiyyatı dövlət qurumları tərəfindən yaşlı insanlara kiber fırıldaqçılıq üsulları izah edilməli və onların heç bir halda bank kartı məlumatlarını, PIN kodlarını və SMS təsdiq kodlarını başqalarına verməmələri tövsiyə olunmalıdır.

Ailə üzvləri də yaşlı insanlara kartlarındakı vəsaitlərdən istifadə ilə bağlı daim nəzarət etməlidir . Onlara bank adından , yaxud dövlət qurumları adından bank kartı ilə bağlı hansı zənglər və mesajlar aldıqları barədə, kartdan istifadənin kimə həvalə edilməsi haqqında məlumatlı olması da faydalıdır.

Osman GÜNDÜZ,

Azərbaycan İnternet Forumunun prezidenti

 

Seçilən
4
1
redaktor.az

3Mənbələr