AZ

Nişanəsi Vətən olan!

Şəhid olub yaşamağı seçdim

Mən arzuları gözündə, istəkləri ürəyində qalan Əliyəm. Saysız hesabsız planların bir dənəsini belə həyata keçirməyə zamanı yetməyən o növcavan. Bir atanın, bir ananın ümid yeri, bacı, qardaşlarının arxa-dayağı, vüsalına yetməyən o sevdalı gəncəm. Mən yeni-yeni pöhrə vermək istəyərkən qol-budağı budanan o körpə fidanam. Mən coğrafiya dərslərini sevməyən, amma coğrafiyasını qoruyan, tarixi oxumayıb, amma tarixi yazan o igidlərdən biriyəm. Mən hamı kimi ölümlü olub amma əbədiyyətə qovuşan cənnət sakinlərindən biriyəm. Mən milyonların duasında olan minlərlə igiddən biriyəm. Cismi ilə köç edib sanı ilə dillərə dastan olanam. Mən yaşayıb ölməyi deyil, şəhid olub yaşamağı seçən, bu Vətənin Vətən daşıyam.

Qurbanov Əli Murtuz oğlu 11 fevral 1975-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun (indiki Kəngərli) Şahtaxtı kəndində zəhmətkeş ailəsində anadan olub. Atası Murtuz kişi və anası Tovuz xanım on övladını halal zəhmətləri ilə sevgi və sayğı içində böyütmüşdür. Kənd həyatının bütün çətinliklərinə rəğmən övladlarına yetərincə zaman ayırıb onların təlim-tərbiyəsi, təhsili, bir şəxsiyyət olaraq formalaşmasında var qüvvələri ilə çalışırdılar. Onlar bu yurda yeddi igid oğul, üç qız övladı bəxş etmişlər. Bacı və qardaşlar ata-analarından gördüyü sevgini bir-birlərinə də ötürürdülər. Böyüklər kiçiklərə qayğı, kiçiklər böyüklərə ehtiram göstərirdilər. Əli mehriban və qayğıkeşliyinə görə digərlərindən seçilir və sevilirdi hamı tərəfindən. Nikbin və xoşrəftar, ədalətdə adil idi.

O böyüdükcə zəkası da, davranışları da, danışığı da ətrafındakılara onun hər kəsdən fərqli olduğunu sübut edirdi. Atası Murtuz kişi oğlunun əlindən tutub 1982-ci ildə Şahtaxtı kənd məktəbinə apardı. Bapbalaca, çəlimsiz bir uşağın qarşısında taybatay açılan məktəb qapıları və ilk müəllim qolları onu on il ən doğmaları kimi bağrına basacaqdı. Əli məktəbdə də ədəb-ərkanı, çalışqanlığı, diqqət və qayğısı ilə seçilirdi. Sədaqəti, dostluğu uca bilən idi Əli. 1992-ci ildə orta məktəbi bitirən Əli 1993-cü ildə Şərur Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Əvvəl Naxçıvanda xidmət edən Əli bir müddət sonra Qarabağda, daha sonra Qazax rayonunun ərazisində xidmət edir. Əlinin gəncliyi də, əsgərlik dövrü də ölkənin ən ağır dönəmlərinə təsadüf edib. Atəşkəs bağlanmasına baxmayaraq, üzdəniraq qonşularımız sərhəd boyu ərazilərimizdə tez-tez təxribat törədir, gözlənilməz zərbələrlə torpaqlarımıza basqın edir, Vətənimizin digər ərazilərini də işğal etməyə çalışırdılar. Əlbəttə ki, əlləri boş qalırdı. Axı, yurdumuzun keşiyində Əli kimi neçə-neçə cəsarətli oğullarımız dayanmışdı. O, dəfələrlə riyakar düşmənlə amansız döyüşdən qələbə ilə çıxmışdı. Qorxu bilmir, şəhid olan silahdaşlarının və amansızcasına qətl edilən Qarabağın, o cümlədən Xocalının və digər ərazilərin günahsız sakinlərinin intiqamını almaq hissi ilə odlanırdı. 1997-ci ilin yaz ayları idi. Sərhəd boyunca təxribatlar davam edirdi. Əli düşmənlə mübarizələrdə şücaət göstərirdi. Qəhrəmanlığı komandir heyətinin nəzərindən qaçmırdı. O, hərbi xidmətdə olduğu müddətcə dəfələrlə fəxri fərmanlar, təşəkkürnamələr, diplomlarla təltif olunmuşdu. Ailəsinə verdiyi sözü tutmaq, Qarabağın işğal altında olan ərazilərini düşməndən xilas etmək və artıq bir qarış da olsa torpağımızı düşmənə verməmək üçün gecəsini gündüzə qatırdı Əli. Məqsəd və məramı ali olanın məqamı da ali olar. Necə ki, Əli də o məqama çatdı. 1997-ci il aprel ayının 18-də Qazax rayonu ərazisində gedən döyüşlərin birində Əli arzu etdiyi əbədiyyətə qovuşdu. Ali zirvəyə ucalaraq şəhadətini qazandı.

Şəhidlər seçilmişlərdir. Onların şəhadətindən sonra dönüb həyatlarına nəzər yetirəndə anlayırsan ki, o bu dünyaya Uca Yaradan tərəfindən görəvləndirilərək gəlibmiş! Gəlişin də, gedişin də mübarəkdir, cənnət qoxulu Şəhidim. Sən şəhadətinə kimi bir evin, bir ailənin baş tacı idin. Ancaq şəhadətindən sonra bir elin qürur mənbəyi,  and yerisən!

Ata-ananın dağdan ağır Əli dağı

Əli Qurbanov soyuq bir qış günündə ata-anasının külfəti çox olan ocağına öz körpə nəfəsi ilə bir az da istilik, sevinc gətirmişdi. Bapbalaca gözləri ilə ona baxan ata-anasına böyük ümidlər verirdi. Əlinin və bacı qardaşlarının böyüyüb boya-başa çatmaları heç də asan olmadı. Dəridən-qabıqdan çıxdı Murtuz ata və Tovuz ana onları ərsəyə gətirmək üçün. Yeməyib yedirdilər, geyməyib geydirdilər. Övlad belə bir şeydir. İnsanın özündən önə keçir və sən ancaq onlar üçün yaşamağa başlayırsan. Necə ki, Əlinin valideynləri də elə idi. Onlar artıq uzun illər idi ki, özləri haqqında heç düşünmürdülər belə. Sadəcə balalarının rifahı idi qarşılarında duran əsas şərt.

Onlar nələr planlayırdılar gələcək üçün, tale onlara nə yazmışdır?!

Əli onların ikisini də yıxdı. Necə də ağır olurmuş övlad itkisi. Bunu yaşayanlar bilər, yaşamayanlar sadəcə təskinlik verməyə çalışar. Qış günü ocağına daha da hərarət gətirən, bir yaz günü anasının güllü bağçasını soldurub gedir. Atasının arxasını söykəndiyi dağ olan Əli bir göz qırpımında qeyb olaraq onun dizinin taqətini, ürəyinin təpərini əlindən alır. Dünyaları dağılır, həyatları bala itkisi ilə mənasını itirir. Deyilənə görə hər ikisi məğrur dayanmağa çalışır, dərdərini içlərində çəkməyə başlayırlar. Amma dərd də ağır dərd idi axı. Mülayim bir yaz günündə ömürlərini şaxta vurdu onların.

Təzəcə pöhrə verməyə başlayan ağacını fələk budamışdı ata-ananın. Zamanla hər şey axarında kimi görünsə də, əslində belə deyildi. Onlar daxilən artıq o gün parçalanmışdılar. Əli cəmi 22 yaşında gözlərini əbədi olaraq həyata yumduğu gün. Əlidən sonra onlar Əliyə çatana qədər Əli ilə olan günlərində qaldılar. Həyat dayandı, bütün dünyaya hökm oxuyan zamanın onlara gücü çatmadı. Onlar elə həmin vaxtda qaldılar-18 aprel 1997-ci ildə. Yaşadılar, əgər yaşamaq sayılarsa. Bir-birinə və digər övladlarına sarılaraq. “Vətən sağ olsun”,-dedi hər ikisi. “Vətən üçün canımız da, qanımız da fəda olsun”,-deyib Əlinin xatirələrinə tutunub durdular ayaqda. Tovuz ana uzun müddət xəstə yatağına düşdü Əlidən sonra. 2012-ci ilin 8 sentyabr tarixində o, ondan qısa müddət sonra 2013-cü ilin 25 yanvar tarixində həyat yoldaşı Murtuz ata dünyasını dəyişdi. Beləcə böyük bir külfətin dayağı laxladı. Qardaş dağının üstünə bir də ata, ana dağı da gəldi. Bunun düşünülməsi çətin olduğu halda yaşanmasını təsəvvür etməksə daha da  çətindir. Hərdən düşünürəm ki, yaxşı ki, şəkillər var. Yoxsa necə olardıq. Axı insanın göz yaddaşı digər yaddaşlardan daha güclüdür. Bizdən arxada qalan şəkillərə əsasən bir müddət də insan xatirələrdə möhürlənib qalır. Əlinin şəkilləri içərisində Tovuz ananın bir şəkli ürəyimin ağrılı yerindən bir neçə bəndi qopardı. Həsrət dolu baxışlarından Əlinin yolunu gözlədiyini hiss etdim. Köksümə Əli adında bir ağrı çökdü.

Səndən sonra

Birinci Qarabağ müharibəsi şəhidi Əli Qurbanovun anası Tovuz ananın dilindən. Allah hər ikisinə rəhmət eləsin.

Sağlığında gül açan əlvan bağça, bağ idim,

Səndən sonra tükəndim, saraldım, soldum, oğul!

Aydın səmaydı ömrüm, bütün dövrlərində,

Səndən sonra bir qara buludtək doldum, oğul!

 

Bəlalı günlər gəlib həyatıma yetişdi,

Fələk qarğıdı məni, ocağıma od düşdü.

Çatladı kürəklərim, ciyərim yandı, bişdi,

Tabutunun üstündə saçımı yoldum, oğul!

 

Aldım qara xəbərin yerlər ilə süründüm,

Ağ yaylığımı atdım, qaralara büründüm,

Çoxlarına vüqarlı, əzəmətli göründüm,

Susdum dərdin əlindən lal-dinməz oldum, oğul!

 

Gör mənim xoşbəxt yuvam necə günlərə qaldı,

Başımızın üstünü çovğun, boran, qar aldı.

Həsrətin üzdü məni ağır mərəzə saldı,

Təbib dərman tapmadı yataqda qaldım, oğul!

 

Sən gedəndən üzüldü yerdən, göydən də əlim,

Qoxunu baş daşından alırdım, igid Əlim.

Əşədənlə bərabər səni zikr etdi dilim,

İnan son nəfəsimdə ətrini aldım, oğul!

Yaşamadığın yaşın mübarək, şəhidim!

Yaşasaydın 50 yaşın olacaqdı bu il. Öz ailən, övladların, nəvələrin belə olacaqdı. Başına yığılacaqdı doğmaların, yubiley yaşını qeyd etmək üçün. Yaşasaydın bu məqamda olmayacaqdın, əlbəttə. Amma yaşamış, yaşlanmış olacaqdın. Səndən sonra neçə-neçə qırıq qəlblər qaldı. Kim bilir o qəlblərin arasında sənə könül verən qızın qəlbi heç bir vəchlə toparlana bilməyəcək minlərlə hissəyə bölündü, bəlkə də. İllərlə yasını tutmuş, yolunu gözləmişdir, bəlkə. Bəlkə, yazdığın məktubu hələ də saxlayır. Bilirsən, şəhidim, aşkarda yas saxlamaq daha asandır, məncə. Sədanı duyub səsini duyurmadan fəryad salan, sənə ürəyində heç kimə sezdirmədən yas tutan o qızın matəmi illərlə sürmüşdür, əminəm. Sən həyatının başlanğıcında, cəmi 22 yaşında gözlərini əbədiyyən yumarkən könül verib, könül adığın o qız da cismən ölmüşdür səninlə birlikdə. Bəlkə də, əllərinin ətri tellərində qaldığı üçün saçını daradıqca bir də qoxlayırmış əllərinin iyini ala bilsin deyə?! Bəlkə də, eyvanlarının qarşısından yenə keçərsən deyə həsrətlə gözləmiş səni aylarla. Yazdığın məktubları kimsə görməsin deyə gecələr şam işığında oxuyub xısın-xısın ağladığı da az olmamışdır onun, güman ki. İllər sonra səninlə xəyalını qurduğu toyuna da qəlbi qan ağlaya-ağlaya  razılıq vermişdir sevdiyin, Əli. Sənin sevdalarının içində ən alisi olan Vətən sevdana həsəd aparmış, qürür duymuşdur səninlə o sirli sevgilin. Sən 22-də qalsan da, bəlkə, sənin adını qoyduğu nəvəsində adın səksənə çatacaq, igidim. Və qovuşmadığın yarın yaşının bir dövründə səni kimlərəsə etiraf edəcək, nəvəsinə sən mənim şəhid sevdamın adını daşıyırsan deyəcəkdir. İnanıram ki, adını daşıyanın da nənəsi və minlərlə digər yurddaşların kimi səninlə fəxr edəcəkdir. Cənnətdəki dəyişməyən yaşın mübarək, nişanəsi vətən olanım!

Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi

Seçilən
14
ikisahil.az

1Mənbələr