AZ

“Neftçi”nin yeni transferini belə bilmirdiz - O, nə vəd edir?

“Neftçi” xeyli vaxtdır axtardığı hücumçuya qovuşdu.

Bassala Sambu bundan sonra “ağ-qaralar”ın şərəfini qoruyacaq. Onunla 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.

1997-ci ilin sentyabrında anadan olan hücumçunun maraqlı həyat hekayəsi var.

Sambunun valideynləri Seneqaldandır. Lakin o, Almaniyanın Hannover şəhərində dünyaya gəlib. 7 yaşı olanda isə valideynləri ilə birlikdə İngiltərəyə köçərək Londonda məskunlaşıb.

Elə futbolda ilk addımlarını da bu məşhur şəhərdə ataraq “Koventri”nin gənc və yeniyetmələrdən ibarət komandalarında oynayıb.

2016-cı ildə, 19 yaşında “Everton”la 3 illik müqavilə bağlamasına baxmayaraq, əsas komandada meydana çıxmaq şansı qazanmayıb.

2019-cu ildə İngiltərəni tərk edərək ilk dəfə legioner həyatı yaşamağı qərara alan hücumçunun seçimi Niderland Eredeviziyası olub. Birinci ili “Fortuna”da keçirib, sonra Danimarka “Randers”inə icarəyə verilib və 1 ildən sonra yenidən “Fortuna”ya qayıdıb.

Növbəti iş yerləri İngiltərənin aşağı liqalarında mübarizə aparan “Kru Aleksandra” və “Oldham Atletik” olub. Ötən ilin yayında növbəti dəfə Britaniyanı tərk edərək bu dəfə Kiprə üz tutub və yüksək liqa təmsilçisi “Enosis”lə anlaşıb.

Sambu 2015-ci ildən bu yana bütün turnirlərdə meydana çıxdığı 241 qarşılaşmada 42 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

“Ağ-qaralar”ın yeni transferi üçün doğma mövqe hücumun sivri ucu olsa da, müxtəlif vaxtlarda sağ və sol vinger, eləcə də hücumameyilli yarımmüdafiəçi funksiyalarını yerinə yetirib.

Əsasən sağ ayağı işlək olan futbolçu “sol”dan da istifadə etməyi bacarır. Topla rəftarı, ümumiyyətlə, texniki bacarıqları elə də yüksək deyil.

Üstün tərəfi fiziki hazırlıq səviyyəsi və topa gövdəsi ilə nəzarət etmək bacarığıdır. Vuruşlarındakı dəqiqlik istənilən səviyyədə olmasa da, imkan düşən kimi rəqib qapıçıların sayıqlığını yoxlamağı xoşlayır.

Sambuya “qol maşını” demək çətin məsələdir. Ancaq əlverişli imkanları sağa-sola xərcləyən kimi qələmə vermək ədalətsizlik olar.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
3
sportinfo.az

1Mənbələr