AZ

"Ya qəlpəni çıxarın, ya da əlillik verin" - Məhkəmə qərar verdi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə "ya qəlpəni çıxarın, ya da əlillik verin" deyən Qarabağ qazisinə əlillik dərəcəsi veriləcək.

Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, bu barədə Şəki İnzibati Məhkəməsi qərar verib. 

Belə ki, C.D. 1998-ci il təvəllüdlüdür, 2020-ci ilin sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsi tərəfindən qismən səfərbərlik üzrə xidmətə çağırılıb və 29 sentyabr 2020-ci il tarixdən 5 dekabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.

O, hərbi hissənin tərkibində həmin dövrdə döyüşlərin birində mərmi partlaması nəticəsində yaralanıb və müvafiq tibb müəssisəsinə (hospitala) yerləşdirilib. Bundan sonra müvafiq tibb müəssisələrində dəfələrlə müayinə və müalicə olunub.

Qazi dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, sözügedən qurum tərəfindən "diaqnoz öz təsdiqini tapmır" səbəb göstərilməklə, əlillik təyinatından imtina edilib.

O, agentliyin komissiya üzvlərinə "ya qəlpəni çıxarın, ya da əlillik verin" deyə etiraz etsə də, dediklərinə məhəl qoyulmayıb. C.D. məcbur qalaraq məhkəmələrə üz tutmalı olub. 

Şəki İnzibati Məhkəməsinin hakimi Fərhad Bəkirov qazinin iddiasını təmin edib. C.D.-ya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulub.

Seçilən
11
1
avtosfer.az

2Mənbələr