AZ

Röyanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdülər – FOTO

2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olur. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Məlum olur ki, hadisə M.Əmirxanov küçəsi, 15 ünvanında baş verib. Döşəmədə üzərində çoxsaylı bıçaq zərbələri ilə 1988-ci il təvəllüdlü Orxan Seyidovun meyiti aşkar edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin gün Füzuli rayon sakini 1999-cu il təvəllüdlü Pərviz Həsənov Xətai rayon Polis İdarəsinə gələrək, könüllü təslim olub.

Sosial mediada yayılan xəbərlərdə bildirilib ki, mərhum Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. Bəzi xəbər portallarında bir zaman onun tanınmış müğənni Röya Ayxanın stilisti olması haqda xəbərlər yayılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, martın 10-da Pərviz Həsənov “İnstagram” sosial şəbəkəsində, profilində qadın bədəninin şəkili olan və özünü “Mila” kimi təqdim edən cinsi azlıq nümayəndəsi Orxan Seyidovla tanış olub. Seyidov ona NZS qəsəbəsində yerləşən evində görüşməyi təklif edib. Ayın 12-i saat 22 radələrində Əmirxanov küçəsi, 15 ünvanına gəldikdə, Seyidov tərəfindən aldadıldığını başa düşüb. Üstünə gəlib, qucaqlamaq istəyən Orxanın israrla pul müqabilində, qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini şəxsiyyətinə təhqir kimi qəbul edib. Buna görə, üzərindəki məişət təyinatlı açılıb-qatlanan bıçaqla Seyidova ilk zərbəni vurub. Zərərçəkən özünü müdafiə etmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla onun sol qoluna xəsarətlər yetirdikdə, o müstəsna dərəcədə rəhimsizliklə üzünə, boyununa və bədənin digər nahiyyələrinə ümumilikdə 57 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Pərviz Həsənov zərərçəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb.

İş üzrə dindirilmiş Pərviz Həsənov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra sərbəst güləşlə məşğul olub. Axırıncı dəfə Azadlıq prospektində yerləşən gül dükanında gecə növbəsində mühafizəçi işləyib:

“2022-ci il martın 10-da “İnstagram” şəbəkəsində mənə qız adı və şəkli olan profildən tanışlıq mesajı gəldi. Qız adının “Mila” olduğunu yazmışdı. 2 gündən sonra Mila NZS qəsəbəsində evi olmasını və mənimlə görüşmək istədiyini bildirdi. Profildə olan şəkli xoşuma gəldiyindən yanına getmək istədim. Saat 22 radələrində “İnstagram”da yazışa-yazışa onun dediyi ünvanı tapdım. Həyətə daxil olanda qız məni qarşılayıb darvazanı arxadan bağladı. Onun saçı uzun idi, həmin şəxsin kişi ola biləcəyini zənn etmirdim. Əynində qara rəngdə gödəkçə olduğundan sinəsinin olub-olmamasım ayırd edə bilmədim. Mətbəxdən dəhlizə, ordan isə qonaq otağına keçdik. Söhbət edən zaman həmin şəxs “Marlboro” siqareti çəkirdi. Ondan “sən kişisən ya qadın?” soruşdum. Cavab olaraq o, “narahat olma, sənə pul da verəcəyəm, mənimlə cinsi əlaqədə olarsan” dedi. Onun kişi olduğunu və aldadıldığımı başa düşərək əsəbiləşdim. Yaxınlaşıb qucaqlamaq istəyəndə, ondan kənarlaşıb dəhlizə çıxdım. Amma həmin şəxs arxamca gələrək məni özünə tərəf dartdı. İsrarla onunla cinsi əlaqədə olmağımı, buna ehtiyacı olduğunu və müqabilində mənə pul verəcəyini deyirdi. Əlbəyaxa olduq”.

Pərviz Həsənov Orxan Seyidovun dediyi sözləri, onu qucaqlamaq istəməsini qeyrətinə sıxışdıra bilmədiyindən, şalvarının arxa cibindən daim üzərində olan “kəpənək” formalı bıçağı çıxarıb boyun nahiyəsinə birinci zərbəni vurub:

“Həmin şəxs qaçıb mətbəxdən dəstəyi mavi rəngli bıçağı götürüb, mənə zərbə endirəndə sol əlimi qabağa verdim. Məni bıçaqla vurmasından qəzəblənərək, ardıcıl üzünə, boğazına, sinəsinə və qarınına çoxsaylı zərbələr vurdum. Bıçaq sınaraq, əlimdən yerə düşdü. Orxan mətbəxin girişində, üzü üstə yıxıldı, döşəmədə hərəkətsiz vəziyyətdə qaldı. Evin giriş qapısını açıb çölə çıxa bilmədiyimdən, mərhumun əlindəki bıçaqla qapını açmağa çalışdım. Amma aça bilmədim. Pilləkənlərin yanındakı dar keçiddən hasara çıxıb qaz borusunun üstünə tullandım. Həmin vaxt qarşıma çıxan saqqalı bir oğlan orda “neynədiyimi?” soruşdu. Cavab verməyərək, pivə zavodunun yanına qədər qaçdım.

Taksi ilə Mehdiabad qəsəbəsinə getdim. Sürücü paltarlarımın qana bulaşdığını deyəndə, ona dalaşdığımı dedim. Maşından düşəndə 100 manat verdim, amma əskinaz qanlı olduğundan, sürücü götürmək istəmədi. Mübahisə etməyə halım olmadığından pulu oturacağın üzərinə qoyub aralandım. Evdə atam nə baş verdiyini soruşanda, ona da dalaşdığımı söylədim. Sol qolumda olan qol saatının düşüb mərhumun evində qaldığını gördüm. Tutulmaq istəmədiyimdən, izi itirməkdən ötrü mobil telefonumu tam format edib bütün kontaktları, sosial şəbəkələri və mesajları sildim. Həmçinin, öldürdüyüm şəxsin istifadəsində olmuş “İphone 13″ markalı telefonunda, aramızda olan mesajları silmək istədim ki, məni polislər tapa bilməsin. Lakin telefon kodda olduğundan onu hadisə yerində aça bilmədim. Bunu sonra etmək məqsədi ilə telefonu özümlə götürdüm. Amma taksidən düşüb evə gələrkən yolun kənarında daşla vurub telefonu sındırdım və quyuya atdım. Növbəti gün atam israrla nə baş verdiyini soruşanda, hər şeyi olduğu kimi danışdım. Sonra atamla birlikdə könüllü Xətai rayon Polis İdarəsinə getdik”.

Pərviz Həsənov əlavə edib ki, Orxan Seyidovu əvvəllər tanımayıb, törətdiyi əməldən peşmandır.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kamila Salmanova ifadəsində göstərib ki, Orxan Seyidov onun ögey qardaşı olub:

“Orxan geyim mağazasında satış meneceri işləyirdi. Martın 12-də səhər işə getdim. Onda heç bir qeyri-adilik və ya narahatlıq hiss etmədim. Axşam saat 23 radələrində yaşadığımız köhnə məhəllədən Almas adlı qonşumuz mənə zəng vurub evdən səs-küy gəldiyini, çox güman ki, içəri oğru girdiyini söylədi. Orxana zəng etsəm də, qardaşım cavab vermədi. “Whatsapp” tətbiqində “təcili mənə zəng elə” yazsam da, Orxanın şəbəkədə olmadığını gördüm. Mən, anam və Seymur adlı tanışımız ayrı- ayrılıqda NZS qəsəbəsinə getdik. İçəri daxil olanda Orxanın qapının qarşısında, qan içində üzü üstə yerdə uzandığını gördük. Polisə və təcili yardıma zəng edib məlumat verdik”.

Şahid Vüqar Məmmədzadə ifadəsində göstərib ki, axşam yaşadığı məhəlləyə qayıdanda çoxlu sayda insanların toplaşdığını görüb:

“Maraqlandıqda öyrəndim ki, qonşuluqda yaşayan Orxan Seyidov öldürülüb. Orxan davranışından, üz görünüşündən və geyimindən cinsi azlıqların nümayəndəsinə oxşayırdı. Ona görə də onunla heç salamlaşmırdı. Amma onu sakit bir insan kimi tanıyırdım, heç kimlə söz-söhbəti və mübahisəsi, pis vərdişləri yox idi”.

Şahid Sənan Abbasov ifadəsində göstərib ki, özünə məxsus “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

“Martın 12-i saat 23 radələrində NZS qəsəbəsində maşınıma əyləşən şəxs əvvəl “Baksol” yoluna, sonra isə Novxanı qəsəbəsi istiqamətində sürməyimi bildirdi. Dediyi yerdə avtomobili saxlayanda oğlan mənə 100 manat pul verdi ki, qalıq məbləği ona qaytarım. Amma mənə xırda əskinazlar olmadığından həmin şəxs pul vermədən çıxıb getdi”.

Məhkəmə iclasında Pərviz Həsənov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Pərviz Həsənovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Həsənov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub.

Seçilən
79
24
editor.az

10Mənbələr