AZ

Həmkarlar İttifaqı hər bir müəllimin, şagirdin və məktəbin yanındadır

Təhsil İşçiləri Həmkarlar İttifaqı şəhər komitəsinin fəaliyyəti ilə bağlı bir neçə məqamlar

Təhsil müəssisənin əsas vəzifəsi bizim cəmiyyətimizə, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır. Şübhəsiz ki, burada müəllim əməyi əsas önəm daşıyır. Bir bağban kimi yetişdirdiyi meyvələrinin bəhrəsini görmək istəyən yüz min minlərlə müəllimlərimizdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzdində fəaliyyət göstərən Azərbaycan Təhsil İşçiləri Azad Azərbaycan Həmkarlar İttifaqı (ATİAHİ) cəmiyyətin fəal sosial qurumu olaraq, ictimai həyatın sahələrinə özünün xeyirxahlıq fəaliyyəti ilə mütəmadi olaraq müdaxilə edir.

Bu gün Həmkarlar İttifaqları Konfederasiyasının ən çoxsaylı üzvü olan Təhsil İşçilərinin Həmkarlar İttifaqı hər bir müəllimin, şagirdin, hər bir məktəbin, hər bir təhsil və tərbiyə ocağının yanındadır və sırasındadır. Təhsil, tərbiyə işləri ilə məşğul olan üzvlərinin istək və arzularını nəzərdən keçirərək, onları inkişaf perspektivlərinə, təhsil və əlavə təhsilə yönəldərək, onların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən layihələr həyata keçirir. 10 minlərlə ailələrə, minlərlə müəllim, şagird və tələbəyə, şəhid və qazi ailələrinə, yardım və köməyə ehtiyacı olanlara göstərilən bu dəstək ölkənin hər yerində müsbət qarşılanır.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Mingəçevir Şəhər  Komitəsinin sədri, uzun müddət təhsil işçisi olmuş Həqiqət Şahmuradova bildirmişdir ki, şəhər komitəsi təhsil işçilərinin sosial hüquqlarının qorunması, təhlükəsizlik əmək şəraitinin yaradılması, əmək intizamının möhkəmləndirilməsi, müəllimlərin pensiya təminatı sahəsində əlindən gələni əsirgəməməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, əməkdaşların mədəni səviyyəsinin yüksəldilməsi və onlarının istirahətinin təşkili sahələrində öz öhdəsinə düşən funksiyaların layqincə yerinə yetirilməsinə çalışır.

Hazırda şəhər komitəsinin uçotunda 48 ilk həmkarlar təşkilatı fəaliyyət göstərir. Həmkarlar təşkilatının üzvlərinin ümumi sayı isə 2697 nəfər təşkil edir. İttifaq üzvləri tərəfindən edilmiş müraciətlər diqqətlə araşdırılır, onlara lazımi köməklik göstərilir.  Belə ki, təkcə son ildə komitəyə 647 müraciət daxil olub. Bu müraciətlərdən 9 müraciət  əmək hüquqlarının müdafiəsi, 576 müraciət maddi yardımların verilməsi, 62 isə yollayışlarla  bağlı olub. Daxil olmuş müraciətlərin 643-ü  müsbət həll olunub.

Şəhər komitəsi öz fəaliyyətində təhsil sisteminin inkişafında müəyyən xidmətləri olan həmkarlar ittifaqı fəallarının, sahə işçilərinin və sosial tərəfdaşların həvəsləndirilməsi məsələsinə xüsusi diqqət yetirir. Təcrübə göstərir ki, həmkarlar ittifaqı fəallarının, sahə işçilərinin və sosial tərəfdaşların həvəsləndirilməsi həmkarlar ittifaqı üzvlərinin fəallığına yeni impuls verir və sahə həmkarlar ittifaqının rolunun artırılmasına töhfə verir. Burada komitənin son illərdə bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyətini qısaca əks etdirən bir neçə xronoloji faktı təqdim etmək məqsədəuyğun olardı.

2023-cü ilin iyun ayında Mingəçevir şəhər Təhsil Sektorunun və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı şəhər komitəsinin təşəbbüsü ilə çalışmanın yaş həddinə çatan müəllimlərlə görüş keçirilib. Görüşdə müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində və gənclərin formalaşmasındakı rolundan bəhs edilib. Tədbirdə çalışmanın yaş həddinə çatan müəlimlərə uzun illər Mingəçevir təhsilinin inkişafı istiqamətində və şagirdlərin şəxsiyyət kimi formalaşmasında göstərdikləri xidmətlərə görə təşəkkür bildirilmiş, ən xoş arzular çatdırılmışdır. Sonda ATİAHİ-nın Mingəçevir komitəsi tərəfindən çalışmanın yaş həddinə çatan müəllimlər fəxri fərman və gül dəstəsi ilə təltif olunublar.

Ötən ilin əvvəlində Uşaq Şahmat İdman məktəbində keçirilmiş “Məktəbin uğurları” adlı tədbirdə müəllimlərin bir qrupu şəhər komitəsi tərəfindən mükafatlandırılıb. Bununla belə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması“ devizi altında keçirilən müsabiqədə  2023-cü ilin ən yaxşı müəssisəsi nominasiyası üzrə 3 nömrəli uşaq bağçası, Uşaq Ailə Dəstək Mərkəzi,19 nömrəli tam orta məktəb və digər təhsil  ocaqları qalib gəlmişlər.

Şəhər komitəsi həmkarlar ittifaqı üzvlərinin və onların ailə üzvlərinin arasında mədəni-maarifləndirmə tədbirlərini də fəal şəkildə həyata keçirir, dövlət orqanları və yerli hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə işləyir. Belə ki, 11 noyabr 2023-cü il tarixində Kür çayının sahilində Nur şəhəri Mingəçevirin 75 illik yubileyinə həsr olunmuş şəhər ümumtəhsil məktəblərinin  və ATİAHİ şəhər təşkilatının dəstəyi ilə geniş "Təhsil sərgisi" təşkil olundu. Tədbirdə həm yerli, həm də xarici qonaqlar iştirak ediblər.

Keçən ilin dekabr ayında İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə şəhid ailələri və onların təhsil alan övladları ilə Mingəçevir şəhər komitəsi tərəfindən təşkil olunan görüşdə 27 nəfər şəhid övladı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev tərəfindən qış məktəbli geyimləri ilə təmin olunduğu bildirilmiş və hədiyyələr şagirdlərə təqdim edilmişdir.

Gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən Mingəçevir şəhər komitəsinin sədri H.Şahmuradova  vurğuladı ki, şəhər məktəblərin müəllimləri hazırlıqlı, daim öz üzərlərində çalışaraq bilik səviyyələrini artıran müəllimlərdir. Onlar daim tədbirlərdə fəal iştirak edərək gənclərə Vətənə məhəbbət, torpağa bağlılıq hissləri aşılayırlar. Milli-mənəvi dəyərlər, qəhrəmanlıq tariximiz öyrənilir və bununla da əsas məqsəd məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarıdır.

Ötən il dekabrın 20-də Mingəçevir şəhər komitəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri arasında Dünya Azərbaycanlılarının həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis yarışı keçirilib. Qeyd edək ki, yarış 45 yaşadək və 45 yaşdan yuxarı 2 yaş qrupu üzrə keçirilib. Məktəb müəllimlərinin iştirak etdiyi gərgin və maraqlı keçən idman mübarizəsində ilk 3 yerin qalibi müəyyən edilib və onlara diplom və medallar təqdim edilib. İdman müəllimi  Xəqani Mikayılov həmkarlar ittifaqı tərəfindən təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə bu tədbiri təşkil edənlərə təşəkkürünü bildirib və belə yarışların davamlı olmasını arzulayıb.

Şəhər komitəsi öz fəaliyyətini  iş planlarına uyğun aparsa da, bəzi hallarda nəzərdə tutulan məsələlərin, o cümlədən müəllim əməyinin stimullaşdırılması və qiymətləndirilməsi, təhsil işçilərinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların gündəmdə olan sosial-iqtisadi məsələlərinin, o cümlədən gənc müəllimlərin məişət məsələlərinin həlli ilə bağlı müəyyən problemlər var. Bütün bunları komitənin rəhbərliyi yaxşı bilir və onların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

R.Ağadədəbəyov

Seçilən
5
ikisahil.az

1Mənbələr