AZ

ABŞ prezidentinin Azərbaycan üçün təhlükəli qərarı...

Qubad İbadoğlu: “Trampın enerji və tarif siyasətləri Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər”

Tanınmış iqtisadşı Qubad İbadoğlu hesab edir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın enerji və tarif siyasətləri Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər. O, təklif edir ki, maliyyə, valyuta və fiskal sabitliyi qorumaq üçün təcili islahatlar həyata keçirilməlidir.

“ABŞ prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə fundamental struktur islahatları həyata keçirilməyəcəyi halda 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər”, - deyən iqtidsadçının fikrincə, Azərbaycanın hidrokarbon gəlirlərindən asılılığı onu qlobal enerji bazarlarındakı dəyişikliklərə və ticarət axınlarına qarşı həssas edir. Trampın Milli Enerji Fövqəladə Hallar Aktının (National Energy Emergency Act) ABŞ-ın enerji müstəqilliyini artırmağa yönəlməsi, dünya bazarında neft və qaz qiymətlərinin düşməsini sürətləndirə, Azərbaycanın gəlirlərini azalda və büdcə kəsirini genişləndirə bilər.

ABŞ-ın LNG ixracı Azərbaycanın qaz strategiyasına təhdid yaradır

ABŞ 2016-cı ildən etibarən LNG (mayeləşdirilmiş təbii qaz) ixracına başlayıb və bu gün qlobal qaz bazarında əsas oyunçulardan birinə çevrilib. Bu, Avropanın boru kəmərləri vasitəsilə qaz təchizatına olan etibarını azaldır, Azərbaycanın 14,5 milyard dollarlıq Cənub Qaz Dəhlizi (SGC) layihəsi üçün ciddi problemlər yaradır. Layihəyə Trans-Adriatik Boru Kəməri (TAP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Cənubi Qafqaz Boru Kəməri daxildir.

“Əgər ABŞ Avropaya LNG ixracını artırsa, Azərbaycanın boru kəməri ilə qaz nəqlinin rəqabət qabiliyyəti zəifləyəcək və Cənub Qaz Dəhlizinin gəlir gətirmə səviyyəsinə çatması 2030-cu ildən sonraya qalacaq”, – İbadoğlu bildirib.

“BP və SOCAR gəlirlərin azalması ilə üzləşir”

Azərbaycanın əsas enerji tərəfdaşları, o cümlədən BP, artıq ciddi maliyyə çətinlikləri ilə qarşılaşır. BP-nin bazar dəyəri 2018-ci ildəki 152,6 milyard dollardan 2025-ci ilin əvvəlində 82 milyard dollara qədər azalıb, şirkət isə işçi qüvvəsinin 5%-ni ixtisar edib. Digər tərəfdən, Chevron və ExxonMobil kimi böyük ABŞ neft şirkətləri 2024-cü ilin sonunda mənfəətin azalmasını elan ediblər.

SOCAR-ın gələcək perspektivləri qeyri-müəyyən olaraq qalır. 2024-cü ildə SOCAR-ın neft hasilatı 7,5 milyon tona enib, halbuki 2023-cü ildə bu rəqəm 7,8 milyon ton təşkil edib. Azeri Light neftinin orta qiyməti 2024-cü ildə 82,87 dollar olub, 2023-cü ildə isə 86,1 dollar idi. Müqayisə üçün, 2022-ci ildə bu göstərici 103,58 dollar təşkil edirdi.

ABŞ önümüzdəki iki il ərzində gündəlik neft hasilatını 1-1,5 milyon barrel artıraraq dünya bazarında qiymətləri 2025-26-cı illərdə 60 dollar civarına salmaq potensialına malikdir.

Artan borclar və maliyyə təzyiqləri riskləri gücləndirir

İbadoğlunun analizinə əsasən, SOCAR-ın uzunmüddətli borcları 2023-cü ildə 993 milyon manat artaraq 12,1 milyard manata (7,1 milyard dollar) çatıb. Azərbaycanın Dövlət Neft Fondu (SOFAZ) isə 2024-cü ildə neft və qaz satışından əldə etdiyi gəlirlərin 3 milyard manat azalması ilə üzləşib.

Azərbaycanın xarici ticarət dövriyyəsi 2024-cü ildə 6,98% azalıb, ixrac 21,67% geriləyib, idxal isə 21,82% artıb. Bu, valyuta bazarında gərginliyi artırıb. Mərkəzi Bankın valyuta ehtiyatları 2025-ci ilin yanvarına qədər 6% azalaraq 10,99 milyard dollara düşüb, bu da manatın devalvasiya riskini yüksəldib.

“İqtisadi böhran qarşısında struktur islahatlar zəruridir”

İbadoğlu Azərbaycan iqtisadiyyatının qarşılaşdığı əsas riskləri aşağıdakı kimi təsnif edir:

Cənub Qaz Dəhlizinin gəlir gətirmə səviyyəsinə çatması 2030-cu ildən sonraya qalacaq;

SOFAZ-ın aktivləri büdcə transferlərinin artması səbəbindən tükənə bilər;

SOCAR-ın gəlirlərinin azalması və borc öhdəliklərinin artması şirkətin maliyyə dayanıqlığını təhlükə altına qoyur;

Dövlət büdcəsinə daxil olan vergilərin azalması büdcə kəsirinin artmasına səbəb olacaq;

Manatın dəyərinin aşağı düşməsi və idxalın bahalaşması devalvasiya riskini yüksəldir;

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft tranzitinin azalması Azərbaycanın tranzit gəlirlərini azalda bilər.

İqtisadçı xəbərdarlıq edir ki, bu tendensiyalar sosial-iqtisadi problemləri dərinləşdirəcək, buna görə də maliyyə, valyuta və fiskal sabitliyi qorumaq üçün təcili islahatlar həyata keçirilməlidir.

Hazırladı: RƏŞAD

 

Seçilən
19
hurriyyet.az

1Mənbələr