AZ

Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?! - Fərid Hüseyn

Bir həftə əvvəl yazıçı Əlisa Nicatın verdiyi müsahibədə Səməd Vurğun haqqında dediyi fikirlər müzakirələrə səbəb olmuşdu.
Bundan başqa, yazıçı digər müsahibəsində Nizamini, Xaqanini, Məhsətini fars dilində yazdığına görə qınamışdı.

Ədəbiyyat adamları arasında keçirdiyimiz sorğudan sonra məlum olmuşdu ki, Səməd Vurğunu yaltaq, donosbaz adlandıran Əlisa Nicatın "100 ən böyük azərbaycanlı" kitabındakı siyahıda Mircəfər Bağırovun adı üçüncüdür.

Kulis.az mövzu ilə əlaqədar Fərid Hüseynin "Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?!" yazısını təqdim edir.

Bu günlərdə Əlisa Nicat müsahibəsində Səməd Vurğunu yaltaq adlandırıb, Mir Cəfər Bağırovu öydüyünə görə çoxları ixtiyar yazıçını qınadı.

Facebook-da Əlisa Nicata lənətlər yağdırıb, Allaha tapşıranlar, hətta onu sadəcə yaşına-başına bağışlayanlar da tapıldı. İnsanı adətən, iki məqamda yaşına görə bağışlayırlar, bir uşaq olanda, bir də xərifləyəndə. Uşaq vaxtı bilmədikləri insanın yanlışlara gedən yoluna su səpir, xərifləyən də isə “bildikləri”... Əlisa Nicat isə 90 yaşın astanasındadır.         

Klassik ədəbiyyat və tənqid

Müsahibədən sonra şairlər, ziyalılar Əlisa Nicatın Səməd Vurğuna yaltaq dediyinə görə ayağa qalxdılar, özləri ayağa qalxmağa ərinənlər də başqalarını “ayağa qaldırdılar”. Ancaq görkəmli ədiblərə bu cür daşatma, ucuz yamanlama, təhqir daha Əlisa Nicat üçün adət halını alıb. 

Belə ki, o, bir neçə ay öncə “Kanal 13”ə verdiyi müsahibədə ədəbi klassiklərimizi “eşşək” adlandırmış, “daş başlarına” deyərək qarğımışdı. Fəqət nədənsə onda heç kəsin ağzını bıçaq kəsməmişdi, ellikcə susmuşduq. Görünür, yaltaqlıq, eşşəklikdən daha ağır təhqirdir deyə Nizamiyə “eşşək” deyilməsinə dözürük, amma Şeyx Nizaminin “ulu nəvəsi”, onun “Leyli və Məcnun” əsərinin tərcüməçisi Səməd Vurğunun yaltaq adlandırılması isə ziyalı şənimizə kəsir gəlir.

Əlisa Nicat bir neçə ay öncəki müsahibəsində belə demişdi: “Nizami, Xaqani, Məhsəti fars dilində yazıblar, cəhənnəm, daş başlarına. Ağılları, beyinləri yoxdur ki, adam da öz dilində yazar da, ya da öz dilində də bir şey yazar. Gürcü fəxr edir ki, o gürcü dilinə İran dastanını tərcümə ediblər. Amma bizim eşşəklər bir-birlərinə baxıb farsca yazıblar”.

Əgər qocaman yazıçının söylədiyi fikri boyasız şərh etsək, Əlisa Nicat açıqca bəyan edir ki, Xaqani Şirvanini özlərinə ustad bilən Məhsəti və Nizami də öyrətmənləri sayaq “eşşək olublar”, buna səbəb də odur ki, ana dillərində əsərlər yazıb-yaratmayıblar.

Xaqaninin, Məhsətinin, Nizaminin farsca yazmalarının siyasi, ədəbi-mədəni səbəbləri gün kimi ortadadır, minbir dəfə bu xüsusda yazılıb deyə əlavə izahata lüzum görmədən sözü verirəm Səməd Vurğundan fərqli olaraq müdafiə etmədiyimiz, “eşşək” adlandırılsalar da, ədəbi haqlarını qorumadığımız görkəmli klassiklərin özlərinə. Qoy onlar özləri yava ağızlıların layiqli payını versinlər.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
17
1
Demokratikmusavat.com

2Mənbələr