İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında dəyişkən iş qrafikinin tətbiqinin həm iqtisadi, həm də sosial amillərlə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, çevik iş qrafiki işgüzar fəallığın stimullaşdırılmasına, iqtisadiyyatda məhsuldarlığın artmasına və əmək məhsuldarlığının yüksəlməsinə töhfə verə bilər. “Mənə elə gəlir ki, bu məsələ artıq çağırış və zərurətə çevrilib. İşə getmək və işdən qayıtmaq prosesində insanların vaxt itkisinə məruz qalması aradan qaldırılmalıdır. Bunun üçün çevik yanaşmaların tətbiqinə ehtiyac var”, – deyə professor vurğulayıb.
Elşad Məmmədovun fikrincə, bu dəyişikliklər əhalinin sosial hüquqlarının qorunması və əmək qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. O, çevik və effektiv iş qrafikinin tətbiqinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini qeyd edib: “Bu addım həm işçilərin rifahına, həm də iqtisadi inkişafın sürətlənməsinə xidmət etməlidir”.
Pərvanə Fərhadqızı