AZ

Trampın gömrük rüsumları ilə bağlı bəyanatları Fransanı da silkələyib

Paris, 11 fevral, AZƏRTAC

Bir neçə həftədir ki, Donald Tramp ticarət müharibəsi ilə bağlı xəbərləri gündəmə gətirir və tezliklə Avropa İttifaqının bu gömrük rüsumlarından təsirlənəcəyini söyləyir. O, Çinin ABŞ-a ixracına 10% əlavə gömrük rüsumunun tətbiq edildiyini açıqlayıb. Həmçinin artıq idxal olunan polad və alüminiumdan 25% vergi alacağını bildirib.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidentinin gömrük rüsumları ilə bağlı bəyanatları Avropa İttifaqı (Aİ) ilə bərabər Fransanı silkələyib. Amerikanın CNN kanalına verdiyi müsahibədə Emmanuel Makron Avropa İttifaqını bu ticarət müharibəsinə hazır olmağa çağırıb.

Onun sözlərinə görə, avropalılar Trampın mümkün gömrük rüsumlarına cavab verməyə hazır olmalıdırlar. "Düşünürəm ki, biz reaksiya verməyə hazır olmalıyıq. Amma hesab edirəm ki, Aİ istədiyini və ehtiyacı olanı müdafiə etməyə hazır olmalıdır", - deyə Makron söyləyib.

Aİ-nin Vaşinqtonun müttəfiqi olduğunu xatırlatmağa çalışan Makron ABŞ-ı Aİ-nin iqtisadiyyatına zərər vurmağa çalışmaqdansa, diqqətini başqa çağırışlara yönəlməli olduğunu deyib. "Vəziyyətə baxanda ABŞ-a ilk sualım budur: Sizin bir nömrəli probleminiz nədir? Aİ-dir? Mən belə düşünmürəm. Sizin bir nömrəli probleminiz Çindir", - deyə o vurğulayıb. Qeyd edib ki, Birləşmiş Ştatlar Avropanın daha çox sərmayə qoymasını, eləcə də təhlükəsizlik və müdafiə ilə məşğul olmasını istəyirsə və bu, ABŞ-ın maraqlarına uyğundursa, Avropa iqtisadiyyatlarını gömrük rüsumları ilə hədələməklə zərər verməməlidir.

Makron belə bir tədbirin amerikalılar üçün nəticələri barədə də xəbərdarlıq edib. “Əgər siz bir neçə sektora tariflər tətbiq etsəniz, bu, ABŞ-da qiymətlərin artmasına səbəb olacaq və inflyasiya yaradacaq”, - deyə o əlavə edib.

Seçilən
11
3
azertag.az

4Mənbələr