AZ

Böyük Qayıdış uğurla davam edir

Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşacağı gözlənilir

Artıq dörd ildir ki, işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etmək üçün Qarabağ və Şərqi Zəngəzurda əsaslı bərpa-quruculuq işləri aparılır. 30 il müddətində daşı-daş üstdə qalmayan, uçurulub dağıdılan şəhər və kəndlərin yerində yeni yaşayış evləri, binalar, məktəblər, xəstəxanalar inşa olunur. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər tikilir. Bu ərazilərin aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin ciddi nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışına tam hazır olan kənd və qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir. İnsanlar doğma yurd-yuvalarına fəxr və sevinc hissi ilə dönürlər. Qeyd edək ki, artıq 10 minə yaxın keçmiş məcburi köçkün öz torpaqlarına qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən artıq insan yaşayır.

Bu il də qayıdış prosesi uğurla davam etdirilir. Belə ki, bir neçə gün öncə Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salındı. Ballıcaya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 22 ailə - 94 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Yaxın vaxtlarda başqa yerlərə də köçkün olması gözlənilir. Şəhərin özünə, Ballıca, Badara, Təzəbinə, Naxçıvanlı, Seyidbəyli, Xanyurdu, Şuşakəndə və bir neçə başqa kəndlərə böyük qayıdış gözlənilir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanlara xoş müjdəli xəbərlər verdi. Bildirdi ki, bu ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qaytarılacaq: “Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”.

Qeyd edək ki, 2025-ci ildə işğaldan azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işlərinə 4 milyard manat məbləğində vəsaitin ayrılması da nəzərdə tutulur. 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb. Həmçinin 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması prosesi hazırda da uğurla davam edir. Füzulidən Şuşaya çəkilən ilk yol dönüşün uğurlu simvoludur. Hazırda dövlət büdcəsindən ayrılan vəsait hesabına işğaldan azad olunan ərazilərdə 15 avtomobil yolunun tikintisi həyata keçirilir və bütün avtomobil yolu layihələrinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur. Nəqliyyat şəbəkəsi ilə yanaşı, paytaxtla işğaldan azad olunmuş ərazilər arasında əlaqələrin yaradılması, yükdaşımaların daha sürətli və səmərəli həyata keçirilməsi üçün Qarabağın və Şərqi Zəngəzurun hava qapıları adlandırılan Füzuli və Zəngilan Beynəlxalq Hava limanları artıq istifadəyə verilmişdir. Hazırda üçüncü hava limanı Laçın şəhərində tikilməkdədir. Bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir, əlbəttə ki, Dövlət proqramlarına uyğun olaraq bu proses davamlı şəkildə gedəcək. 

İşğal dönəmində ərazilərimizdəki təbii resurslardan qeyri-insani istifadə və ətraf mühitin qəsdən çirkləndirilməsi ölkəmizin iqtisadiyyatına ciddi ziyan vurub. Torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçün su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə də xüsusi əhəmiyyət verilir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, bu ərazilərin bərpası və inkişafında strateji hədəflərdəndir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq “Yuxarı Vəng”, 4,3 MVt-lıq “Zar”, Laçın rayonunda 2,8 MVt-lıq “Zabux”, 4,6 MVt-lıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında “AzərEnerji” tərəfindən 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin 550 milyon kilovat-saat enerjinin üçdəbiri, yəni 200 milyon kilovat-saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Bəli, artıq Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrünü yaşayır. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə ayaq basanda xarabalıqların yerində inşa edilmiş və öz sakinlərini qoynuna almış müasir, yaraşıqlı kəndlərin, şəhərlərin şahidi oluruq.

Sevinc Azadi, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr