“Vaşinqton Kapitals” klubunun keçmiş xokkeyçisi və Finlandiyanın gənclərdən ibarət komandasının məşqçisi Mika Elomo 48 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, Mika peşəkar karyerasına 1994-cü ildə Finlandiyanın “Kiekko-67” komandasının tərkibində başlayıb. Cəmi iki mövsümdən sonra Mika Elomo “Vaşinqton”un oyunçusu olub və Amerika Birləşmiş Ştatlarına köçüb.
O, karyerasını Finlandiyada başa vurub. TPS komandasında üç mövsüm keçirib. 2004-cü ildə biləyindən ciddi zədə alıb və karyerasını bitirib.
Bundan sonra o, məşqçi kimi fəaliyyətini davam etdirib. O, Norveçin “Storhamar” komandasının məşqçisi olub, eyni zamanda Finlandiyanın gənclər komandalarına rəhbərlik edib.