AZ

Rus deputatdan SƏRSƏM İDDİA - Bakıdan elə bir CAVAB verildi ki...

Bu gün, 08:44

Hakim partiyanın ermənipərəst Duma üzvü Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar gəldi
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, erməni yanlısı Konstantin Zatulin köhnə ampluasındadır. Rusiyadan ölkəmizə hədyanlar səsləndiyi vaxtda o da təbii ki, “ümumi xor”a qoşulub. Əslində “it hürər, karvan keçər” məntiqi ilə ciddiyə almamaq da olardı, amma söhbət Putinin sədri olduğu “Vahid Rusiya” hakim partiyasının deputatından gedir.
Maraqlıdır ki, Zatulin AZAL təyyarəsinin Qroznı səmasında vurulduğunu dolayısı ilə etiraf edib. Bakıda “Rus evi”nin bağlanmasından danışarkən isə ironik sözlər işlədib.
“Artıq çoxlu mürəkkəb sərf olunub, sözlər deyilib ki, Azərbaycan bizim demək olar, ən sadiq müttəfiqimizdir. Xüsusilə Ermənistanda baş verənlər fonunda. Amma biz reallıqla, onların bizə münasibəti ilə üzləşdik. Bütün bunlar guya bizim vurduğumuz təyyarə məsələsi fonunda baş verir. Rusiya prezidenti üzr istəyib, rusiyalılar da həlak olub. Rusiyanı şeytanlaşdırmaq istəyi isə Ukrayna dronlarının hücumu zamanı baş verənlərlə bağlıdır. Hamıya aydındır ki, bu, istənilən halda hava təhlükəsi səbəbindən baş verib”, - Zatulin bildirib.
Ardınca deyib: “Əminəm ki, biz həlak olanların ailələrinə kömək edirik, istintaq nə baş verdiyini göstərəcək. Amma indi belə görünür, Azərbaycan Qərbdəki və Türkiyədəki dostlarına nə qədər prinsipial olduğunu göstərmək istəyir. Düşünmürəm ki, bu, ağıllı siyasətdir, Azərbaycan Rusiyadan heç yerə getməyəcək. Sabah onlar yenə öz ehtiyacları ilə bağlı bizə müraciət edəcəklər”.
Yəni Zatulin faktiki “hədə-qorxuya” keçib, Moskvanın cavab tədbirləri görməyə hazır olduğunu bildirib: “Anlamaq lazımdır ki, Azərbaycan bizim müttəfiqimiz deyil. Moskvada Azərbaycanın da bu cür qurumları var, bizim tərəfimizdən cavab tədbirləri görmək doğru olar. Ölkə hakimiyyəti bizimlə münasibətlərə yalnız öz maraqları prizmasından baxır. Onlar heç vaxt bizim tamhüquqlu müttəfiqimiz olmayıblar, həmişə və indi də regionda Türkiyənin müttəfiqi olaraq qalırlar. Bu o deməkdir ki, Azərbaycan bizə yox, Türkiyəyə yönəlir və bizimlə ittifaq situativ xarakter daşıyır. Qarabağda müharibəyə, "təxribatlara", “cinayətlərə”, vurulmuş helikopterə Rusiya göz yummalı olanda, o zaman tərəfdaşlıq münasibətləri var idi. Boru kəməri marşrutları çəkmək lazım olanda bizi diqqət və qayğı ilə əhatə edirdilər. Azərbaycan və Ermənistan arasında münaqişə istədikləri kimi başa çatandan sonra isə Azərbaycanın rəhbərliyi Rusiyaya münasibətdə öz xüsusi mövqeyini göstərmək üçün hansısa bəhanədən istifadə etməyə qərar verdi".
Zatilin bir şeydə haqlıdır ki, Azərbaycan nəinki Rusiyanın, heç bir dövlətin orbitində deyil, olmayıb. Çünki müstəqil, balanslı xarici siyasətə üstünlük verir. Eyni dərəcədə biz heç vaxt Rusiyanı özümüzə etibarlı dost saymamışıq. Moskvanı yalnız situativ tərəfdaş bilmişik. Və zaman göstərdi ki, düz də etmişik. Ümumiyyətlə, Rusiyanın dostu, müttəfiqi varmı? Bunun üçün gərək özün də etibarlı dost, müttəfiq olmağı bacarasan. Bu isə Moskvaya heç vaxt xas olmayıb.
Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -ƏTRAFLI | KONKRET
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Konstantin Zatulin qatı ermənipərəst olduğu qədər Azərbaycan və Türkiyə düşməni olduğunu gizlətmir: “Ancaq ona təsir edən odur ki, qatı ermənipərəst olmasına baxmayaraq, Ermənistan hökuməti onu qara siyahıya salıb və rusiyalı deputat müttəfiq hesab etdiyi ölkəyə gedə bilmir. Çünki Zatulin baş nazir Nikol Paşinyanı da hədəf seçib. Zatulinin növbəti sayıqlamalarına gəldikdə, bircə həqiqəti söyləyib, bəli, biz Rusiyanı heç zaman Azərbaycanın həqiqi müttəfiqi saymamışıq. Bu necə müttəfiqdir ki, Azərbaycan torpaqlarının işğalında erməni separatçılarına dəstək verib, Xocalı soyqırımında iştirak edib, Ermənistanı ölkəmizə qarşı silahlandırıb?! Rusiya ilə strateji müttəfiqlik haqqında sənəd bizə sadəcə ona görə lazım idi ki, Qarabağda separatizmə son qoymaqda Moskva bizə mane olmasın və hərbi kontingentini ölkəmizdən çıxarsın. Hər ikisinə nail olduq. Zatulin deyib ki, Azərbaycan Rusiyanın deyil, Türkiyənin strateji müttəfiqidir. Ayrı necə olmalıydı ki?”
Analitikin sözlərinə görə, Zatulinin “məntiqindən” belə çıxır ki, Rusiya Qarabağın Azərbaycanın nəzarətə götürülməsinə və enerji resurslarının dünya bazarlarına çıxarılmasına əngəl olmamaqla böyük “fədakarlıq” edib: “Bu, imperiya təfəkkürüdür. Bunlar Azərbaycan və digər qonşu dövlətlərin müstəqilliyini və müstəqil seçimlərini qəbul etmirlər. Zatulin Kremlə Azərbaycana qarşı cavab tədbirləri görməyə çağırış edib. Sərnişin təyyarəmizi raketlə vurmaları, vətəndaşlarımızı öldürmələri bəs deyil, ortada üzrxahlıq və kompensasiyanın ödənməsi də yoxdur, hələ bizə qarşı nəsə tədbir görmək istəyirlər. Nə edəcəkləri bəllidir. Rusiyada çalışan azərbaycanlıları sıxışdıracaq və kənd təssərrüfatı məhsullarımızı qəbul etməyəcəklər. Hər ikisinə hazır olmalı və müvafiq tədbirlər görməliyik”.
Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev isə qeyd etdi ki, 44 günlük müharibədən sonra Kreml başbilənlərinin lazımi nəticəni çıxaracaqlarına böyük ümidlər var idi: “Çıxarmadılar. Ötən il hətta Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, Cənubi Qafqaz siyasətimizin necə olacağını müzakirə edirik. Haradadır bəs nəticə? Hanı "Yeni Cənubi Qafqaz konsepsiyası"? Nəticə elə bu idi deyəsən ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla səhvə yol verdi? Azərbaycan Prezidentinin bu sözlərinin arxasında on illər sonraya hesabladığınız cinayət planlarını başa düşməyəcəyini sandılar. Həmin anlarda anlamadılar ki, 200 il müttəfiq sayaraq minlərlə azərbaycanlını öldürtdükləri ermənilər Rusiyaya nə plan hazırlayıb. Ruslar “ətraf rayonları verək, qardaşımız İrəvanla birlikdə hələ 10 illər boyu İlham Əliyevə və Azərbaycana Qarabağ kartı ilə təzyiq göstərərik” deyə planlar cızanda Paşinyan ruslara zərbəni vurdu - okeanın o tərəfindəki havadarlarının köməyi ilə 2022-ci ildə bəyan etdi ki, “Qarabağ Azərbaycandır!”
Başa düşülür ki, bu, rusların qurduğu oyuna böyük zərbə oldu, düz 200 illik planlarını zibilxanaya atdı. Ancaq Paşinyan onlara bu zərbəni vurmaqda haqlı idi... Çünki Rusiya "çörəyini sahibini tanımayan itin qabağına atmışdı"".
A.Quliyevin fikrincə, Rusiyanın əli baltalı Ukraynda olduğu bir vəziyyətdə, nəinki Ermənistanı Azərbaycanla sülhə məcbur etmədi, Zəngəzur dəhlizini açmağa da vadar edə bilmədi, əksinə, pərdəarxası qeyri-səmimi oyunları davam etdirdi: “Təyyarəmizi vurdu, Zatulin kimi qanmazları İlham Əliyevin üstünə saldı. Hansı haqla? Azərbaycan Prezidenti 2022-ci ilin fevralında Rusiya ilə strateji bəyannamə imzalayanda Rusiyaya Rusiyanın qədrini bilmədiyi "kart-blanş" verdi. İndi bütün sübutlar ortada ikən təyyarəmizi vurduqlarını niyə etiraf etmirlər?! Belə müttəfiqlik olur? Üstəlik, zatulinlərə, tolstoylara “Azərbaycanı vurun” əmri vermək nə deməkdir?! Dünyada təklənmək bəlkə də Rusiya üçün müəyyən çıxış şansları saxlayırdı. Regionda təklənməyin isə çıxışı yoxdur"

Seçilən
7
Reportyor.tv

1Mənbələr