AZ

Bu gün “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün 2025-ci ildə “STEM sahəsində karyera imkanlarının üzə çıxarılması: elmdə qadının səsi” mövzusuna həsr edilib.

Bu il, eyni zamanda, “Qadınlar və qızlar elmdə” Beynəlxalq Gününün təsis olunmasının 10-cu ildönümüdür. BMT Baş Assambleyasının 2015-ci il 22 dekabr tarixli qətnaməsinə əsasən qeyd edilən bu gün qadınların və qızların elm və texnologiyadakı rolunun vacibliyini vurğulayır.

UNESCO-nun məlumatına görə, ali təhsildə STEM sahəsində tələbələrin 35 faizindən bir qədər çoxu qadınlardır. İqlim dəyişikliyi, insan sağlamlığı problemləri və süni intellektin sürətli inkişafı kimi qlobal çağırışların olduğu dünyanın daha çox elmi biliyə ehtiyacı var və elmin daha çox qadına ehtiyacı var.

Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə nüfuzunu ilbəil artırır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası “Beynəlxalq Etimad Kral Elmlər Akademiyası” (RASIT) qeyri-hökumət təşkilatı tərəfindən 1 il müddətinə (sentyabr 2024 – sentyabr 2025) “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” elan edilib. Bu müddət ərzində ölkəmizdə qadın və qızların elmi-tədqiqat bacarıqlarının artırılması üçün layihələrin həyata keçirilməsi, elm sahəsində olan müxtəlif tədqiqat qrant və təqaüdləri barədə universitet tələbələrinin məlumatlandırılması və regionlarda təhsil alan qızların elm sahəsinə yönləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mənzil-qərargahı ABŞ-da yerləşən RASIT-in fəaliyyətində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, sosial-iqtisadi inkişaf və təhsil imkanlarının artırılması kimi məsələlər əsas yer tutur.

Qeyd edək ki, 2021-ci ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” həyata keçirilir. 2024-cü ilin oktyabr ayına olan məlumata görə ümumilikdə 265 nəfər “Hənifə Məlikova-Zərdabi təqaüd proqramı”nı qazanıb və bu layihə 58 rayonu əhatə edir.

Xatırladaq ki, ötən ilin dekabr ayında dördüncü “Azərbaycan Qadınları IT-də Mükafatı (AWITA) 2024” mükafatlandırma mərasimi keçirilib. AWITA qadınların texnologiya sektorunda davamlı töhfəsini vurğulamaq və təqdir etmək üçün yaradılmış unikal bir imkandır.

Bu gün Azərbaycan qadınları elm və təhsildə yeni hədəflərə doğru irəliləyirlər. Bu hədəflər sırasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması, sağlam və təhlükəsiz yaşam üçün imkanların genişləndirilməsi, dünya elminə daha geniş inteqrasiya, beynəlxalq elmmetriya reytinqlərində ölkənin göstəricilərinin yüksəldilməsi və digər məsələlər xüsusi yer tutur.

Seçilən
11
3
azertag.az

4Mənbələr