“Səki normal genişlikdə olsa, külək adamı yola qədər sürükləyə bilməzdi. Normalda şəhər salınanda səki ilə avtomobil yolunun arasında yol boyu ağac sırası salınır. Ki, avtomobil və piyada arasında bir baryer olsun, həm yayda piyadalar üçün kölgə salsın, həm də vizual olaraq gözəl görünsün”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri jurnalist Amin Nəzərli özünün “Facebook” hesabında yazıb.
Fevralın 8-də Xırdalanda avtobusun piyadanı vurması hadisəsinə münasibət bildirən həmkarımız qeyd edib ki, orada səkilər dağılmış, manelərlə dolu, enişli-çıxışlı və ya bir adamın zorla yeriyə biləcəyi genişlikdədir.
“Səki və ağac yerləri obyektlərə satıldığı üçün, təbii ki, ölüm də bax, belə bədahətən gəlir”.
Bəs səkilər salınarkən hansı standartlar nəzərə alınmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, səkilər şəhər infrastrukturunun əsas ağrılı yerlərindən biridir. Çünki səkilər şəhərlərdə, xüsusən də insanyönümlü şəhər modellərində ön sırada durur.
Səkilərlə bağlı dövlət standartlarının, beynəlxalq standartların olduğunu vurğulayan ekspert nəzərə çatdırıb ki, standartlardan ən başlıcası səkinin eninin minimum 75 sm-dən kiçik olmamasıdır və ən azı 2 şəxsin yan-yana hərəkət edə bilməsi üçün şərait olmalıdır.
Aslan Əsədov: Səkilər yol infrastrukturunun ən müdafiəsiz strukturudur
A.Əsədovun sözlərinə görə, enin maksimallığında isə əsas ölçülər 1-1,5 metr olaraq hesablanır. Ekspert qeyd edib ki, bu ölçülər 2-3 metr də ola bilər. Bundan artıq olması isə həmin yerin səki yox, terras və ya meydança olması anlamına gəlir.
Səkilərin yol infrastrukturunun ən müdafiəsiz strukturu olduğunu deyən müsahibimiz izah edib ki, yolda olan işıqlandırma dirəyini oğurlasalar və ya hər hansı yolu qazıb orada tikinti işləri aparılsa cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Amma səkini zəbt etmək, hər hansısa işi görmək üçün müvafiq olaraq, güclü bir təsir mexanizmi yalnız məhkəmə yolu ilə ola bilər:
“Səkilər müdafiəsiz struktur olduğu üçün bu problem ictimai rəy ilə həll oluna bilər. İctimai qınaq dedikdə səkilərin zəbt olunması, səkilərdə müəyyən biznes mühitinin qurulması, piştaxtaların düzülməsi, yaxud iaşə obyektinin stol qoyaraq çay satması problemlərin mənbəyidir. Səkilər insanlar üçün daim bir mərkəz rolunu oynamalıdır. Vətəndaşların istirahət edəcəyi, gəzintiyə çıxacağı yaxud da səhhətində ciddi problemlər olanların rahat hərəkəti üçün vasitəyə çevrilməlidir”.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyətindən bildirilib ki, Xırdalan şəhərinin küçə və prospektləri, o cümlədən səkiləri uzun illər bundan əvvəl salınıb.
Nəzərə çatdırılıb ki, şəhərin sakinlərinin sayının surətli artımı və küçələrdə avtomobillərin fasiləsiz axınının təmin edilməsi və tixacların aradan qaldırılması istiqamətində tədbirlər görülüb, prospektlər genişləndirilib, şəhər yollarının axıcılıq qabiliyyəti mümkün qədər yüksəldilib:
“Eyni zamanda bu zaman səkilərin ölçülərinin azalması müşahidə olunub. Hazırda məsələ rayon icra hakimiyyətinin və Xırdalan bələdiyyəsinin diqqətindədir. Şəhərin küçə və prospektlərində harda mövcud şərait imkan verirsə, avtomobil yollarının darlaşdırılmaması şərti ilə səkilərin genişləndirilməsi həyata keçirilir.
Qeyd edək ki, qaldırdığınız məsələ Xırdalan şəhərinin Müfəssəl Planına salınıb və şəhər böyüdükcə bu məsələlər hissə-hissə öz həllini tapacaq”.
Mina Mikayılova