![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/taxi.webp)
Aslan Əsədov: “Sərnişinlərin sayındakı azalma bu templə də davam edəcək”
Azərbaycanda taksidən istifadə edənlərin sayında azalma qeydə alınıb. Taksilərlə bağlı həyata keçirilən tənzimləmələr qısamüddətli səfərlərdən istifadə edən sərnişinlərin tədricən ictimai nəqliyyata keçməsi ilə nəticələnib.
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev açıqlamasında bildirib ki, son iki ildə taksi xidmətindən avtobuslara keçid müşahidə edilib. Sədrin sözlərinə görə, xüsusilə şəhər mərkəzində taksilərlə səfərlərin sayı azalıb, avtobuslarla isə artıb.
Onu da qeyd edək ki, Azərbaycanda taksilərin sayı 3 dəfəyə yaxın azalıb. 2023-cü ildə taksi sifarişi operatorları tərəfindən istifadə olunan taksilərin sayı 67 mindən artıq idisə, hazırda bu göstərici 23 min ədəd təşkil edir. Yəni belə taksilərin sayı 44 min ədəd azalıb.
Sosial şəbəkələrdə də taksi sürücüləri sərnişinlərin azaldığını təsdiqləyirlər. Onların sözlərinə görə, nə komfort, nə də ekonom kateqoriyasında əvvəlki qədər sərnişin olmur. Hətta sürücülərin bəziləri sərnişinlərin az olması səbəbindən gündəlik tələb edilən kvotanı da doldura bilmir.
Maraqlıdır, gündəlik həyatda tez-tez müraciət olunan taksi xidmətlərindən istifadə edənlərin sayı niyə azalıb?
Ekspertlər hesab edir ki, taksidən istifadə edən sərnişinlərin sayının azalması taksi xidmətlərinin bahalaşması ilə bağlıdır. Rəsmi məlumatlara əsasən, son bir ildə taksi qiymətləri 20 faizə yaxın yüksəlib. 2024-cü ilin əvvəlində bir gedişin orta qiyməti 5,6 manat olduğu halda ilin sonunda 6,6 manatadək artıb.
“Taksilərlə bağlı verilən sərtləşdirilmiş qərarlar bunu əvvəlcədən təxmin etməyə şərait yaradırdı”
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, taksi istifadəçilərinin sayının azalması gözlənilən idi: “Taksilərlə bağlı verilən sərtləşdirilmiş qərarlar bunu əvvəlcədən təxmin etməyə şərait yaradırdı. Verilən sərt qərarlar, rüsumların artması ümumi taksi qiymətlərini də yüksəltdi. Beləliklə, müştərilərin də sayı azalmağa başladı. Sərnişinlərin sayındakı azalma bu templə də davam edəcək. Amma bu, sürücülərin maliyyə itkisinə səbəb olacaq”.
Günel CƏLİLOVA