Erməni xahişi edənlərin sayı 15 dəfə azalıb
Son 4 ildə ABŞ-da fərqli bir tendensiya hiss olunurdu - Qərbin qoruduğunu bəyan etdiyi “dəyərlər” elə ABŞ tərəfindən, bu ölkəyə rəhbərlik edən administrasiya tərəfindən nəzərə alınmırdı. İllərlə separatizmə qarşı mübarizə strategiyasını özünün siyasi-hərbi prioritetləri sırasında qeyd edən ABŞ Bayden hakimiyyəti dövründə tamam fərqli bir kurs götürmüşdü. Beynəlxalq ədalət prinsipini, bəşəri insani dəyərləri bir göz qırpımında özünün korporativ maraqlarına qurban verən keçmiş hakimiyyət xüsusilə, Cənubi Qafqaza yanaşmasında fərqli standarta əl atırdı. Bayden administrasiyası bölgədə yaranan yeni reallıqları heç də əməkdaşlıq müstəvisində yaranan yeni imkanlar kimi dəyərləndirmirdi - əksinə, son 4 ildə bölgədə formalaşdırılan siyasi situasiyaya mənfi təsirlər göstərmək üçün addımlar atır, hətta müraciətlər belə edirdilər.
Cinayətkara azadlıq “tələbi”...
2023-cü il antiterror əməliyyatı ilə Azərbaycan özünün suverenliyini bərpa etməklə yanaşı, illərlə separatizm yayan, Azərbaycan qanunlarını pozan, müxtəlif cinayətlərdə günahlandırılan şəxslərin ədalət mühakiməsi qarşısına çıxmalarını da təmin etmişdi. Bu, ali hüququn təntənəsidir - cinayətkarın törətdiyi cinayətin məsuliyyətini daşıması ədalətin və hüququn qələbəsidir. Amma deyəsən, Bayden hakimiyyəti üçün bu dəyərlər artıq aşınmışdı - təsadüfi deyildi ki, ötən il Bakıda keçirilən COP29 öncəsi bir qrup amerikalı konqresmen o dövrün dövlət katibi Antoni Blinkenə müraciət edərək Azərbaycana təzyiq göstərliməsini, mühakimə olunan təqsirləndirilən bir sıra şəxslərin azad edilməsinə nail olunmasını “xahiş” etmişdilər. Bu 60 deputatın kimliyi isə hər kəsə bəlli idi - onlar, illərdir ki, Azərbaycana qarşı aparılan haqsız kampaniyaların təşkilatçıları və iştirakçıları, erməni lobbisinin himayəsində ABŞ-ın dövlət maraqlarını heçə sayanlar idilər.
“Dəyənək dəstəsi” iş başında...
Bayden administrasiyasının hakimiyyətinin başa çatması ilə ABŞ-da yeni siyasi mühit formalaşıb. Son dövrlərdə atılan addımlar, bu administrasiyanın apardığı korrupsioner fəliyyətin ifşası, ölkənin dövlət maraqlarından deyil, lokal korporativ maraqlardan çıxış etməsi deyəsən erməni lobbisinin “dəyənək dəstəsi”nə çevrilmiş konqresmenləri də “tərpədib”. Yeni administrasiyanın addımlarında dövlət mənafeynə əsaslandığını görən bəzi konqresmenlər ənənəvi erməni sevdası ilə hərəkət etmək istəyiblər - belə ki, bir neçə konqresmen ABŞ Dövlət katibi Marko Rubioya müraciət edərək Bakıda saxlanılan erməni terrorçularının azad edilməsinə köməklik göstərilməsini, eləcə də Ermənistanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında nəzərdə tutulmuş müddəaların həyata keçirilməsinə dəstək verilməsini xahiş ediblər.
Ermənipərəstlərin sırası seyrəlib...
Əslində, bu müraciətin özündə bir sıra maraqlı elementlər mövcuddur. Birincisi müraciət edənlərin sayına diqqət yetirdikdə, çox şeyə məlum olur. ABŞ dövlət katibi Marko Rubioya Azərbaycana təzyiq çağırışı üçün göndərilən məktuba cəmi 4 konqresmen imza atıb - Frenk Pallone, Qas Biliriakis, Bred Şerman və David Valadao. Bu 4 şəxsin hər biri bundan öncə Azərbaycana qarşı kəskin mövqeyi və erməni lobbisi ilə sıx əməkdaşlığı ilə tanınıb.
Məsələn, islamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner kimi şöhrət qazanan konqresmen Frank Pallonenin erməni yandaşı olması sirr deyil. O, ABŞ-da “ermənidən betər erməni” kimi tanınan şəxslərdəndir - Peloninin konqesdə ermənilərin çoxluq təşkil etdiyi Nyu-Cersi ştatını təmsil etməsi də bu faktı təsdiqləyir. Erməni təbliğatının sınıq təkəri olan Pallone var gücü ilə ölkəmizə qarşı aparılan antimilli kampaniyaları təşkil edir, dəstəkləyir. Onun xüsusilə, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatlarından sonra fəallaşması diqqəti cəlb edir. İqlim dəyişikliyinin qarşısını almağı hədəfləyən bir konfransda iştirak üçün BMT tərəfindən dəvət edilən bu şəxs ermənilərin 30 ilə yaxın yürütdyü zorakılığı və işğalı dəstəkləyib - paralel olaraq, ermənilərin Azərbaycan torpağında törətdikləri ekoloji təcavüzü belə normal qarşılayıb. 1992-si ildə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na “907-ci düzəlişin dəstəkçilərindən və təbliğatçılarından sayılan Pallone ölkəmizə qarşı mənfi münasibəti ilə seçilib - 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olan zaman çadır şəhərciklərində yaşayan qaçqın və məcburi köçkünlərlə görüşdən imtina etmiş yeganə deputat olub.
Eyni zamanda, ötən ilin sentyabrında Pallone ABŞ Konqresində müzakirəyə çıxarılan Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı “Artsax Gəlirlərinin Bərpası Aktı”nın müəlliflərindən biridir. “Təklif”də birmənalı olaraq bölgədə qeyri-sabit durum yaratmaq, Azərbaycanın suveren hüquqlarının pozulması, gərginliyin artırılması (burada hətta müharibəyə təhriklə bağlı epizodlar belə yer alır - P.İ), demokratiyanın pozulması halları “göz oxşayır”.
4 konqresmenin Rubiodan “xahişi”nin mətni və məğzi isə dəyişmir - onlar Azərbaycan qarşı Maqnitski qanununun işə salınmasını, Ermənistanın ərazi bütövlüyünü qorunmasını, hərbi cinayətlərdə ittiham olunan ermənilərin azad olunması üçün Bakıya təzyiq edilməsini istəyiblər.
Xartiya “xahişi”...
Bəli, konqresmenlərin müraciətini imzalayanların sayının Bayden administrasiyası dövrü ilə müqayisədə 15 dəfə azalması çox mətləbdən xəbər verir. Bu həm də onu göstərir ki, ABŞ-ın yeni hakimiyyəti vəziyyəti fərqli parametrlər üzrə qiymətləndirir - burada erməni lobbisinin və ya Ermənistanın deyil, ABŞ-ın öz maraqları ön plana çəkilir. Belə olmasaydı, yeni “müraciətdə” xartiyanın “işləkliyi” məsələsi xüsusi qeyd olunmazdı. Bayden hakimiyyəti dövrünün son günlərində imzalanan bu xartiya ABŞ üçün heç də mühüm anlam daşımır - bütün hallarda yeni rəhbərlik bunu öz hərəkətlərində hiss etdirirlər. Belə olmasaydı, Pallone kimilərinin ətrafı boşalmaz, tam əksinə erməni puluna xidmət edən digər konqresmenlər də bu kampaniyada aktiv şəikldə yer alardılar. Demək ki, situasiya dəyişdiyi kimi, məsələlərə baxış bucağı da dəyişib. Ermənipərəstlərin cinayətdə təqsirləndirilən şəxslərə “azadlıq” tələbinin arxasında hansı maraqların dayanması hər kəsə bəllidir...
P.İSMAYILOV