Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə və güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunması belə müəyyən edilib: Vergi Məcəlləsinin digər müddəalarından asılı olmayaraq, bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur. Bəs həmin vergi ilkin məbləğdən, yoxsa Məcəllənin digər tələbləri ilə 10% vergi tutulduqdan sonra qalan məbləğdən tutulmalıdırmı?
Mövzu ilə bağlı “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov nümunələr əsasında aydınlıq gətirir:
Tutaq ki, Azərbaycan rezident şirkəti Bakı şəhərində tikiləcək inzibati bina üçün beynəlxalq şirkətdən 100.000 ABŞ dolları dəyərində layihə-dizayn xidməti alır. Qeyri-rezidentin Azərbaycan şirkətinə göstərdiyi bu xidmətə görə əldə etdiyi gəlir Vergi Məcəlləsinin 13.2.16.18-ci maddəsinə görə Azərbaycan mənbəyindən əldə edilmiş gəlirdir. Belə olduğu təqdirdə, bu gəlir Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən 10% dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb edilir. Yəni, Azərbaycan şirkəti qeyri-rezidentin 100.000 USD gəlirindən 10.000 USD vergi tutaraq büdcəyə ödəyir:
100.000 x 10% = 10000 USD.
Həmçinin, məlum olur ki, qeyri-rezident şirkət Honkonqda qeydiyyatdan keçib və şirkətin bank hesabı da Honkonqdadır. Belə olan təqdirdə, Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, qeyri-rezidentin gəlirindən əlavə olaraq 10% dərəcəsi ilə vergi tutulub büdcəyə ödənilməlidir.
Lakin burada xüsusi olaraq diqqət edilməli məqam var. Güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə ödənişlər aparılarkən Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, 10% ödəmə mənbəyində vergi müqavilə üzrə xidmətlərin ümumi dəyəri olan 100.000 USD-dən tutulmalıdır, yoxsa Məcəllənin 125.1.5-ci maddəsinə uyğun olaraq 10% ödəmə mənbəyində vergi tutulduqdan sonra qeyri-rezidentə köçürüləcək qalıq məbləğ 90.000 USD-dən tutulmalıdır?
Cavab olaraq bildirmək istəyirik ki, birmənalı olaraq offşor ərazilərə ödəniş edilərkən ödəmə mənbəyində vergi Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulduqdan sonra qeyri-rezidentə köçürüləcək 90.000 USD-dən tutulmalıdır. Çünki Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125-1-ci maddələrində qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) vergi ödəyicilərinə, güzəştli vergi tutulan ölkələrə və ya ərazilərə aparılan ödənişlər ödəmə mənbəyində vergiyə cəlb edilir.
Fərz edək ki, qeyri-rezident şirkət Türkiyədə qeydiyyatdan keçib. Türkiyə şirkəti tələb edir ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, 10.000 USD ekvivalentində vergi tutulduqdan sonra qalan 90.000 USD məbləğin 85.000 USD məbləğində hissəsi Türkiyədə yerləşən bank hesabına, 5.000 USD məbləğində hissəsi isə Honkonqda yerləşən bankdakı hesabına köçürülsün. Belə olan təqdirdə, Vergi Məcəlləsinin 125-1-ci maddəsinə əsasən, 10% dərəcəsi ilə ödəmə mənbəyində vergi ümumi müqavilə üzrə xidmətin dəyəri olan 100.000 USD məbləğindən deyil, faktiki olaraq Honkonqa köçürülən 5.000 USD məbləğdən 500 USD ekvivalenti kimi tutulub büdcəyə ödənilməlidir:
5000 x 10% = 500 USD.