AZ

Türkiyə ilə miqrasiya əməkdaşlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Hökumətlərarası Sazişi təsdiq edib. Qardaş ölkə rəhbərinin müvafiq sərəncamı fevralın 10-da rəsmi hökumət nəşri olan “Rəsmi qəzetə”də dərc olunub. Bu razılaşma bir sıra əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkənin qeyri-leqal miqrasiya ilə mübarizə üzrə qarşılıqlı fəaliyyətini də ehtiva edir.

Miqrasiya proseslərinin tənzimlənməsi ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyada hər 35 nəfərdən biri beynəlxalq miqrantdır. Bu isə 175 milyon nəfər, yəni dünya əhalisinin 2,9 faizi deməkdir.

Bu rəqəmlər bir daha təsdiq edir ki, miqrasiya dünyanın qloballaşmasının aydın göstəricilərindən biridir və insanların yerdəyişmə proseslərini əhatə edir. Miqrantlar arasında azərbaycanlılar da var.

Soydaşlarımızın miqrasiyası bir neçə amillə bağlıdır. Birincisi, iqtisadi səbəbdir. Belə ki, SSRİ dağıldıqdan sonra, bir sıra zavod və fabriklər bağlandı, məşğulluğun səviyyəsi aşağı düşdü. İşsizlik və əmək haqlarının aşağı olması çoxlu sayda azərbaycanlı miqrantın iş axtarışı üçün qonşu ölkələrə üz tutmasına səbəb oldu. Münasib iş tapa bilməyən, sosial cəhətdən təmin olunmayan, yaşayış səviyyəsi aşağı insanlar başqa ölkələrə miqrasiya etdilər.

Eyni zamanda, Ermənistanla münaqişə də bu prosesə təsirsiz ötüşmədi. Torpaqlarımızın işğal edilməsi nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Onların bir hissəsi xarici ölkələrə miqrasiya etdi. Bu ölkələr arasında Türkiyə əsas yer tutur. Onların əksəriyyəti müvafiq sənədləri olmadığından qeyri-rəsmi yaşayırlar. Bəziləri isə saxta nikaha girərək ailə qururlar. Bu, soydaşlarımızın qarşılaşdığı əsas problemlərdən biridir. Belə nikahlardan doğulmuş azərbaycanlı uşaqlar heç bir yerdə rəsmi qeydiyyatı olmadan böyüyürlər.

Qeyri-rəsmi məlumatlara əsasən, belə miqrantların sayı 40 min nəfərə yaxındır. Onların taleyi həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Azərbaycanda da türkiyəli miqrantlar var. İki ölkə arasındakı dil və mədəniyyət yaxınlığı qarşılıqlı miqrasiyanın intensivliyini artırır. Azərbaycanda yaşayan və işləyən əcnəbilər arasında Türkiyə vətəndaşları ilk sıradadır. Bu tendensiyanın ilbəil artması ölkələrimizin miqrasiya qurumları arasındakı əməkdaşlıqda nəzərə alınır. Ötən il iyunun 6-da imzalanmış miqrasiya sahəsində əməkdaşlığa dair Hökumətlərarası Saziş də bu məqsədə xidmət edir. Sazişə əsasən, milli şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız gediş-gəliş rejimi tətbiq edilir. Hər iki ölkə vətəndaşlarının əmək fəaliyyətinə cəlb olunması məsələsi də həllini tapır.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
6
xalqqazeti.az

1Mənbələr