AZ

Yaqlandın “şərəf” ləkəsi

Göstərilən xidmətin müqabilində pul, hədiyyə öz yerində, hətta rəsmi təltif də keçərli sayılırmış. Söhbət uzun illər hayların hüzurunda duran, anti–Azərbaycan fəaliyyəti ilə tanınan Avropa İttifaqının keçmiş baş katibi Turbyern Yaqlanddan gedir. Daha doğrusu, onun Ermənistan Respublikasının “Şərəf” ordeni ilə təltif edilməsindən.

Hayastanın “şərəf”ləndirdiyi bu zat uzun illər ölkəmizə qarşı aparılan çirkin kampaniyalarda ön sıralarda olub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Norveçə rəsmi səfəri zamanı yaxasına sancdığı ordenə fərəhlə baxıb, “Ermənistan daim qəlbimdə yaşayacaq” – deyən T.Yaqlandın 5 il bundan əvvəl insan hüquqları ilə bağlı Azərbaycana sanksiyaların tətbiqi məsələsini qaldıran amerikalı konqresmenlərlə birgə canfəşanlığını unutmamışıq. Burada Yaqlandın məqsədinin heç də insan hüquqlarının qorunmasına töhfə vermək olmadığı məlum faktdır. Əgər Aİ-nin keçmiş rəhbərinin zərrə qədər şərəfi olsaydı, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün hüququnun bərpasından da danışardı.

* * *

Qəlbindən “hay sevgisi” əskik olmayacaq Yaqlandın təltifetmə mərasimində A.Mirzoyanın çıxışından: “Sizə bu ordeni təqdim etmək mənim üçün böyük şərəfdir. Bu, demokratiyamıza və ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyiniz töhfənin nişanəsi və sübutudur”.

Yaqland cavabında belə deyib: “Bu ordeni almaq böyük şərəf və məmnuniyyət hissidir”. Sonra rüşvət kimi aldığı ordenin sevincindən özünü itirmiş qoca norveçli bir hekayət danışıb. “İlk dəfə ermənilərlə və Ermənistanla tanış olanda Norveçin xarici işlər naziri idim. İordan çayının Qərb sahilinə – Ramallaha səfərə getmişdim. Ramazanın son günləri idi. Yasir Ərəfatın bir ənənəsi vardı: bölgədəki bütün dini liderləri Ramazanın son günündə iftar süfrəsinə dəvət edirdi. Məni də dəvət etmişdilər. Yasir Ərəfatın yanında oturmuşdum, sağımda isə yaşlı bir kişi əyləşmişdi. Kim olduğunu bilmirdim, lakin onun üzərində qeyri-adi bir geyim vardı. O, yaşlı adam idi və düşünmürdüm ki, mənim kim olduğumdan xəbəri var. Amma sonra o, mənim Norveçin xarici işlər naziri olduğumu öyrəndi və bilirsiniz nə etdi? Cibindən bir sənəd çıxardı və dedi: “Bu sənəd mənim bütün həyatıma müşayiət edib, bu, mənim həyatımı xilas edib. O sənəd Nansen pasportu idi”.

Yəni, “uğurdan başgicəllənmə” keçirən Yaqland mərasimdə danışdığı hekayət ilə, yəqin özü də bilmədən, hayların ordeninin onu kasıbçılıqdan xilas etməsinə, erməni lobbisinin qonorarları hesabına əla gün-güzəran keçirdiyinə işarə vurub. O, Avropa Şurası tərəfindən Ermənistan üçün bir şey edə bildiklərinə, ona dəstək olduqlarına görə qürur duyduğunu ərz edəndən sonra üzünü Mirzoyana tutub deyib: “Mən çox şadam ki, sizdə parlament respublikasına keçidi dəstəklədik və bununla böyük töhfə vermiş olduq”.

“Atı atın yanına bağlayanda həmrəng olmasa da, həmxasiyyət olar”. Müdriklərimiz bu kəlamı elə Turbyern Yaqland kimilərini nəzərdə tutub deyib. Təmənnalı xidmətinin əvəzi olaraq “şərəflənmiş” norveçlinin çıxışında hay riyakarlığının izləri aydın sezilir. Belələri ənam naminə nəinki ədaləti ayaqlar altına atmağa, haqlı tərəfə qara yaxmağa, hətta sivil insanların həyatını qurban verməyə hazırdırlar. T.Yaqlandın Aİ-də səs verdiyi sənədlər, irəli sürdüyü əsassız fikirlər, separatçı və terrorçulara qucaq açması bunun əyani sübutlarıdır.

Bu gün də Qərbin bəzi institutları və ayrı-ayrı siyasiləri səlahiyyətlərindən sui-istifadə edərək demokratiya, insan hüquqları adı altında bir sıra ölkələrə təzyiq və təsir etmək istəyirlər. Türkofob, İslamofob, ermənipərəst dairələr bu işdə xüsusi fəallıq göstərirlər. Ancaq daha Azərbaycanla bu dildə danışmaq mümkün deyil. Cənubi Qafqazda söz və güc sahibinə çevrilən Azərbaycan o cür ucuz təhdidlərə cavab vermək iqtidarındadır. Bu zaman Aİ-nin nə keçmiş, nə də indiki rəhbərliyi Azərbaycanın yanından yel olub keçə bilməz.

İ.HƏSƏNQALA
XQ

Seçilən
5
xalqqazeti.az

1Mənbələr