AZ

İsrail atəşkəs razılaşmasının 4 maddəsini pozub - HƏMAS

Bakı, TurkicWorld

HƏMAS İsrailin yanvarın 19-da qüvvəyə minmiş atəşkəs razılaşmasının dörd əsas maddəsini pozduğunu bəyan edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları, İsrailin öhdəliklərini yerinə yetirmədiyi üçün fevralın 15-də planlaşdırılan məhbus mübadiləsini dayandırdığını açıqlayıb.

Bəyanatda qeyd olunub ki, məhbus mübadiləsi tarixindən 5 gün əvvəl bu addımın atılması vasitəçi ölkələrə İsrailə təzyiq etmək imkanı verib. HƏMAS isə razılaşmanın bütün müddəalarına əməl etdiyini vurğulayıb.

Belə ki, İsrail, Fələstinli məcburi köçkünlərin Qəzzanın şimalına qayıdışını gecikdirərək, davam edən hava hücumları və atəş açılması, sığınacaq materiallarının buraxılmaması və tibbi ləvazimatların gecikdirilməsi ilə dörd əsas pozuntuya səbəb olub.

Qeyd edək ki, Qəzzada fələstinlilərin cənubdan şimala keçməsi üçün Netzarim dəhlizi yanvarın 27-də açılıb. Fevralın 1-də isə Rəfah sərhəd keçid məntəqəsi xəstələrin təxliyəsi üçün istifadəyə verilib.

Atəşkəs və məhbus mübadiləsi razılaşmasının ilk 5 turunda 766 fələstinli, 16 israilli və 5 tailandlı məhbus azad edilib. Razılaşmanın ilk 42 günlük mərhələsində 1900-dən çox fələstinlinin və 33 israillinin azad edilməsi nəzərdə tutulur.

Seçilən
3
turkic.world

1Mənbələr