Rusiya orduya ən azı 126 hindistanlı cəlb edib.
Publika.az xəbər verir ki, Dehli artıq rəsmi olaraq Moskvaya bunu dayandırmaq üçün müraciət etsə də, Rusiya Ukraynaya qarşı döyüşmək üçün Hindistan vətəndaşlarını cəlb etməyə davam edir.
"The Times" yazır ki, ümumilikdə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri ruslar ən azı 126 hindlini işə götürübülər.
Nəşr Binil Babunun yanvarın əvvəlində cəbhədə həlak olduğunu bildirib. O, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri ölən 12-ci Hindistan vətəndaşı olub.
Babunun həyat yoldaşı Joisi Con jurnalistlərə deyib ki, ərinin orduya qatılmaq niyyəti yoxdur, o, Polşaya elektrik işi üçün getmək istədiyinə görə aldanıb.
Nəşr qeyd edib ki, Babunun ailəsi onun nə vaxtsa maaş alıb-almadığını bilmir və Rusiya ordusunun nümayəndələri onlara borclu olduqları təzminatı təklif etmək üçün heç vaxt əlaqə saxlamayıblar.
Vurğulanıb ki, Hindistan dəfələrlə Rusiyadan öz vətəndaşlarını işə götürməyi dayandırmağı xahiş edib. Lakin bu, Hindistan və Rusiya arasında gərginliyə səbəb olub.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval jurnalistlərə bildirib: "Məsələ Rusiya hakimiyyət orqanları ilə, həmçinin bu gün Rusiyanın Nyu Dehlidəki səfirliyi ilə ciddi şəkildə qaldırılıb. Biz həmçinin qalan Hindistan vətəndaşlarının tez bir zamanda buraxılması tələbimizi təkrarladıq".