Türkmənistan qazının İran üzərindən Türkiyəyə mübadilə sxemi tranziti “Botaş” şirkəti (Türkiyənin borularla nəqletmə operatoru – red.) ilə razılaşdırılıb.
“APA-Economics”in Türkmənistanın rəsmi qəzeti olan “Real Türkmənistan”a (“Realnıy Turkmenistan”) istinadən verdiyi məlumata görə, bunu Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurası) sədri Qurbanqulu Berdiməhəmmədov İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi sənayesində əməkdaşlığı artırmaq üçün Türkmənistan “Marı” Su Elektrik Stansiyasında İran sərhədinə qədər Marı-Məşhəd istiqamətində elektrik ötürücü xəttinin bir hissəsinin çəkilməsini təklif edib.
Qeyd olunur ki, artıq lazımi danışıqlar aparılıb və müvafiq sənəd imzalanıb. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Xalq Şurasının sədri nəqliyyatı əməkdaşlığın əsas istiqamətləri sırasında qeyd edib. O vurğulayıb ki, Türkmənistan və İran Asiya ilə Avropanın qovşağında, Xəzər dənizi ilə Fars körfəzi arasında əlverişli coğrafi mövqeyə malikdir və bu, hər iki ölkə üçün nəqliyyat və logistika sektorunda konstruktiv tərəfdaşlığa yol açır.