Gündüz Əlizadə – 70
“Azərbaycan” nəşriyyatının dəhlizlərində dəfələrlə qarşılaşmışdıq. Şəxsən tanış olmasaq da, haqqında yetərincə məlumatlı idim, istedadlı olduğunu mərhum şair dostum Məmməd Aslandan da çox eşitmişdim. Şair bizi tanış etməyə söz vermişdi, amma qismət deyilmiş. Bir də eşitdim ki, Gündüz günün gündüz vaxtı xaricə köçüb…
Gündüz Əlizadə 1955-ci ildə Bakıda müəllim ailəsində dünyaya göz açıb. Uşaqlıqdan rəssamlığa olan həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirib, mərhum Məsumə Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslayıb. Sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, Leninqradda ali təhsil almaq ücün bron qazansa da, müəyyən səbəblərdən oraya gedə bilməyib, Volqoqradda hərbi xidmət keçərkən rəssamlıq fəaliyyətini davam etdirib. Tərxis olunandan sonra isə Mirzəağa Əliyev adına İncəsənət İnstitutuna daxil olub. 1982-ci ildə ali təhsilini bitirən gənc rəssam Bakı reklam idarəsinə təyinat alıb. Sevimli müəllimi Mikayıl Abdullayevdən aldığı dərslər hər zaman köməyinə çatıb onun.
Ötən əsrin 90-cı illərinə qədər dizayner kimi çalışan, sonra “İsıq” nəşriyyatında bədii redaktor olan Gündüz Əlizadə “Kirpi” və “Gənclik” jurnallarında, müxtəlif qəzetlərdə karikaturaları, vətənpərvərlik ruhunda kompozisiya, plakat, qrafik işləri ilə tanınıb. Əl-əl gəzən həmin jurnalların əməkdaşları onun haqqında fəxrlə: “Molla Nəsrəddin”in Əzim Əzimzadəsi olduğu kimi, bizim də Gündüz Əlizadəmiz var”, – deyiblər. Məmməd Aslan, Nəriman Həsənzadə, Məmməd İsmayıl onunla yaradıcı söhbətlərdən doymayıblar.
Bir çox kitabın tərtibatını vermiş Gündüz Əlizadə 1999-cu ildə karikatura və plakatlarından ibarət kitabını çap etdirib. Dahi Füzulinin 500 illiyinə son dərəcə maraqlı illustrasiyalar işləyib. “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında bədii redaktor kimi çalışdığı zaman həmin qəzetdə Ağdərədən yazdığı təsirli bədii-publisistik məqaləsi, “Sil gözün yaşın, Qaragilə” kimi hekayələri dərc olunub. 1999-cu ildə qardaş Türkiyədə uluslararası karikatura yarışmasında 1-ci yerə layiq görülən rəssam həyatının son illərini qürbətdə — Almaniyanın qədim Trier şəhərində yaşayıb, orada öz qalereyasını açıb, yağlı boya ilə tablolar yaradıb. Onun təşəbbüsü ilə Berlində “20 Yanvar” hadisələrinə və Qarabağ müharibəsinə həsr olunmuş “Azadlığa gedən yollar” adlı anma mərasimi də keçirib, sərgiləri təşkil edilib.
Dostlarının dediyinə görə, Gündüz Əlizadə qürbətə, bəzi sənətkarlar kimi, inciyib gedənlərdən deyildi. Tək oğlu Azərin düçar olduğu qan xəstəliyinə görə müalicəsi davamlı keçsin deyə, Almaniyada yaşamağa, işləməyə qərar vermiş və oradakı nüfuzlu nəşriyyatların birinin dəvətini qəbul etmişdi. Həm Azərin müalicəsini nəzarətdə saxlayır, həm nəşriyyatın tapşırıqlarını yerinə yetirir, həm də köşkdə sifarişçilərin portretlərini çəkirdi. Amma oğlunun 23 yaşında erkən ölümünün kədəri rəssamın da ömrünə vaxtsız balta çaldı. Gündüz Əlizadə Azərdən bir neçə il sonra – 2017-ci il dekabrın 9-da, 62 yaşında qürbət ölkədə vəfat elədi, onun nəşi Bakıya gətirilərək, Əhmədli kənd qəbiristanlığında torpağa tapşırıldı.
Rəssamdan yadigar çoxlu rəsmləri, karikaturaları və bir də “Metrolu kəndin nağılı” (Əhmədli nəzərdə tutulur) adlı xatirə yazıları qalıb. Güclü bədii fəhmi vardı onun. Xatirələrinin elə “İlk qapı” hissəsini oxumaq bəs edər ki, bunu təsdiqləyək: “Bu doğulduğum Ağalı məhəlləsinin böyük darvazasıydı. 10–12 evdən ibarət Ağalı həyətində ən çox qohumlarımız yaşayırdı, elə indi də yaşayır, tək o darvazadan başqa. Nədəni babamın yataq xəstəsi düşməsi oldu. Hər gün səhər sübhdən açılar, axşam saat 10-da bağlanardı bu qapı. Sonradan babamın əllərinin hərarətindən məhrum olan qapının öncə dəstəyini pas yeməyə başladı, daha sonra nə açanı, nə də bağlayanı tapıldı. Yaxşı yadımdadır, 1974-cü ildə əsgərlikdən qayıdanda o qapını yerində görmədim”.
Sonra həyat yolları Gündüzü həmin darvazadan dünyaya çıxartdı. Xaricdə sərgilərdə uğurla çıxış etdi. Bir dəfə danışırdı ki, Almaniyada natural portretlərini çəkdiyi 2 amerikalı onun işini çox bəyənib və haralı olduğunu soruşublar. Qürurla “Azərbaycandanam”, – deyə cavab verib. Onlar da “Bizdən Azərbaycana salam çatdır” – deyiblər. Gündüz həmişə özünü Azərbaycanın bir zərrəsi sayıb, incəsənətimizi təbliğ edib, əsərlərinin arasında mütləq dövlət bayrağımızı da qoyub ki, yaxşı tanısınlar.
8 ildən bəri Gündüzsüz qalan dünyanın, sanki, gündüzləri solğunlaşıb. O, fani dünyanı başqa bir donda, başqa bir tonda çəkirdi. Daha onun rəngləri dünyanın hüsnünə bəzək vurmur. Amma dünya öz dünyalığındadır, Gündüz Əlizadə isə rəsmlərinin əlvanlığında, bir də solmaz xatirələrin qoynunda yaşayır.
Ə.DOSTƏLİ
XQ