"Müəllimlərin işə qəbulu imtahanı onsuz da kifayət qədər çətindir".
Bu sözləri təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, imtahanı çətinləşdirmək problemi həll etmək yolu deyil:
"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə müəllimliyə gələnlər kifayət qədər savadlı olurlar. Hazırda sertifikasiya imtahanları ilə savadsız müəllimlər də işdən azad edilirlər. Müasir dövrün tələbi ondan ibarətdir ki, müəllimin savadı ilə yanaşı metodiki səriştəsi və pedaqoji-psixoloji bacarıqları da kifayət qədər olmalıdır".
Ekspert hesab edir ki, hazırda Azərbaycan müəlliminin ən böyük problemi də məhz budur:
"Lakin artıq Elm və Təhsil Nazirliyi bu problemin həlli üçün ilk addımlardan birini atıb. Belə ki, bir sıra məktəblərdə Müasir metodist layihəsi təşkil edilib. Bu layihə daha da genişləndirilib bütün məktəbləri əhatə edəcək. Layihənin məqsədi müəllimlərə metodiki kömək göstərməkdən ibarətdir. Həmçinin, digər tətbiq edilməsi zəruri olan məsələlərdən biri müəllimlərin psixoloji cəhətdən yoxlanılması olardı".
Cahid İmanlı vurğulayıb ki, müəyyən tibbi komisiyya və psixoloji alətlərin köməyi ilə müəllimlər hökmən tibbi-psixoloji rəy almalıdırlar:
"Sonuncu məsələ isə müəllimlərin özünün hüquqlarının qorunması yönündədir. Çünki bir çox hallarda müəllimlərin sosial şəbəkələrdə dərs prosesində yayımlanan neqativ halların böyük əksəriyyəti şagirdlərin məktəblinin davranış qaydalarına riayət etməməsindən irəli gəlir.
Hazırda demək olar ki, məktəblərdə şagirdlər davranışlarına görə heç bir məsuliyyət daşımırlar. Bu isə öz növbəsində sinifin idarə olunmasını çətinləşdirir və nəticədə "müəllim xətaları" yaranır".
Pərviz