Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu ildən etibarən zəvvarların Həcc ziyarətinə uşaqları ilə birlikdə getməsinə icazə verilməyəcəyini açıqlayıb. Nazirlik bildirib ki, bu qərar Həcc zamanı yaranan sıxlıq və təhlükəsizlik məsələləri nəzərə alınaraq qəbul edilib.
Qeyd edilib ki, ziyarət zamanı böyük insan axını olur və bu vəziyyət uşaqlar üçün təhlükə yarada bilər. Eyni zamanda, qərarın məqsədi Həccin daha nizamlı və təhlükəsiz şəkildə keçirilməsini təmin etməkdir.
Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri Modern.az-a bildirilib ki, bununla bağlı rəsmi məlumat QMİ-yə gəlməyib.
Onun sözlərinə görə, Azərbaycanda da Həcc ziyarətinə uşaqla getmək üçün müraciət edənlər olub.
"Amma biz onların əziyyət çəkməməsi, yorulmaması üçün rəva görmürük. Ona görə də müraciət edənlər olsa da, kiçik yaşlı uşaqları Həcc ziyarətinə aparmırıq”, - Vüsal Cahangiri deyib.
Qeyd edək ki, Həcc ziyarətinə ilk zəvvar qrupunun yola düşməsi may ayının 24-25-də planlaşdırılır. Zəvvar qrupları may ayının 31-ə qədər yola düşəcək.