AZ

“Neftçi”nin fevral yubilyarları

Maraqlıdır, 2025-ci ilin fevral ayı 40 il əvvəl Sovet İttifaqı çempionatlarında “Neftçi”nin şərəfini qorumuş və Azərbaycanın futbol ictimaiyyətinin dəfələrlə alqışladığı 2 məşhur ustanın Yunis Hüseynovla Nazim Süleymanovun 60 illik yubileyləri ilə əlamətdardır. Onlardan birincisi bu münasibətlə fevralın elə ilk günündən təbrikləri qəbul etməyə başlayıb, digəri isə yubiley yaşını fevralın 17-də qeyd edəcək.

Azərbaycan milli komandasının Dünya çempionatlarının seçmə yarışlarında ilk qolu və ilk qələbəsi məhz bu 2 yarımmüdafiəçinin adı ilə sıx bağlıdır. Həmin tarixi qələbəni bir daha yada salaq.

31 avqust 1996-cı il. Tofiq Bəhramov adına Respublika Stadionu. Dünya çempionatının seçmə oyunu. Azərbaycan—İsveçrə. Birinci hissənin ortalarıdır. Qonaqların növbəti hücumunun qarşısını alan meydan sahibləri sürətli əks-hücuma keçir, dərhal da stadionu alqış sədaları bürüyür. N. Süleymanovun başladığı hücumu davam etdirən Y. Hüseynov gözəl ötürmə ilə Vidadi Rzayevi irəli çıxarır. Sonuncu da həlledici anda dəqiq zərbə ilə hesabı açır. Polşalı hakimin 26-cı dəqiqədə qeydə aldığı bu qol Azərbaycan millisi üçün tarixi uğur idi. Yığmamız dünya çempionatlarının seçmə yarışlarında qol və qələbələrinin hesabını açmışdı. Həmin anlarda və oyundan sonra özümüzü elə xoşbəxt hiss edirdik ki!..

Stadionun mərkəzi tribunasından ulu öndər Heydər Əliyevin də izlədiyi görüşdən artıq 30 ilə yaxın vaxt keçsə də, Nazimin, Yunisin və Vidadinin həmin hücumda yüksək texnikası və stadionu bürüyən gurultulu alqışlar heç vaxt unudulmur.

Hər iki yubilyar “Neftçi”də eyni dövrdə, ötən əsrin 80-ci illərində oynamışdır. İkisi də Azərbaycan futbolu flaqmanının heyətində özünü ən yaxşı cəhətdən göstərmiş, elə buna görə də kollektivdə yüksək nüfuz sahibi olmuşdur.

Keçmişi xatırladan, tarixin səhifələrində özünə layiqli yer edən xoş hadisələrin sevincini yaşayarkən statistikanın köməyi də çox yerinə düşür.

İndi onu bir daha nəzərdən keçirərkən məlum olur ki, Y. Hüseynov “Neftçi”də 1984–1988-ci illərdə oynamış, 70 matçda meydana çıxmış və 4 qolun müəllifi olmuşdur. O, həmçinin Azərbaycan milli komandası heyətində 34 oyunun iştirakçısı olmuş, 4 dəfə oyundaşlarının başladığı hücumu dəqiq zərbə ilə başa çatdırmışdır. Statistika Yunisin 1987-ci il sentyabrın 8-də Çexoslovakiya (indi Çex Respublikası) və SSRİ-nin olimpiya yığma komandaları arasında yoldaşlıq görüşündə (1:0) oynadığını da xatırladır.

Y.Hüseynov hazırda Azərbaycan milli çempionatında medallara iddialı komandalardan biri olan “Turan Tovuz” klubunun baş məşqçisinin köməkçisi kimi fəaliyyət göstərir. Əlbəttə ki, özünün 60 illik yubileyi ilində çalışdığı kollektivi qarşıdakı avrokuboklar mövsümündə beynəlxalq meydanda görmək onun üçün çox xoş olar.

N.Süleymanov da elə həmin dövrdə, 1983–1988-ci illərdə “Neftçi”də 125 oyundan ibarət bir yol qət etmiş və bu yolda 17 qol sevinci yaşamışdır. Onun milli komandamızda isə göstəriciləri belə olmuşdur—24 oyun, 5 qol.

Yaşlı futbol həvəskarlarımız Süleymanovun 1995-ci ildə Vladiqafqazın “Alaniya” komandası heyətində Rusiya çempionluğunu bayram etdiyini, daha iki dəfə isə həmin çempionatın ikinci mükafatçısı olduğunu da unutmayıblar.

Həmyerlimizin yüksək səviyyəli oyunu ilə “Alaniya”nın uğurlarına verdiyi böyük töhfələrə görə “Osetiyanın fəxri vətəndaşı” adına, “Osetiyanın şöhrəti naminə” medalına layiq görülməsi təsadüfi deyildi.

Göründüyü kimi, Yunis Hüseynov da, Nazim Süleymanov da yaşıl meydanlarda keçdikləri yoldan razı qala bilərlər. Yubilyarların SSRİ çempionatlarında Azərbaycan futbolu flaqmanının heyətinə dəvət olunmaları və göstərilən etimadı layiqincə doğrultmaları onların həyatında xoş xatirədir.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Seçilən
3
xalqqazeti.az

1Mənbələr