AZ

“İranla Azərbaycan arasında ötən il ticarətin həcmi 30 faiz artıb” - Seyid Cəfər Ağayi Məryan

Yazını böyüt
Yazını kiçilt

Bakıda İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul keçriilib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun, ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçriilən tədbirdə öncə Azərbaycan və İranın dövlət himnləri səsləndirilib.

Hafta.az-ın yazdığına görə, çıxış edən İranölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan İslam inqilabından söz açıb, bildirib ki, ölkəsi zəngin insan kapitalına, bol enerji və mineral resurslarına malik dövlət olaraq, ABŞ-in tətbiq etdiyi qeyri-qanuni sanksiyalara baxmayaraq, inqilabdan keçən yarım əsrə yaxın müddət ərzində mühüm nailiyyətlər əldə edib. Bu uğurlara bir çox kənd təsərrüfatı məhsullarının istehsalında özünü təmin etmək, kosmik elm və dinc nüvə texnologiyasındakı irəliləyişlər, tibb elmləri, kök hüceyrələr, nanotexnologiyalar, biotexnologiyalar və sair kimi sahələrdə yüksək rekordlar əldə etmək daxildir.

Diplomat qeyd edib ki, İran qonşuları, xüsusən də dost və qardaş ölkə olan Azərbaycan Respublikası ilə güclü və mehriban münasibətlərə diqqət yetirib. İranla Azərbaycan arasındakı qardaşlıq və dostluq bağları bir çox tarixi, mədəni-dini və ənənəvi ortaq cəhətlərə, adət-ənənələrə görə əbədi bir bağdır və həmişəlikdir.

“2024-cü il may ayında “Xudafərin” və “Qız Qalası” su bəndləri layihəsinin açılış mərasimində iki ölkənin möhtərəm prezidentləri arasında keçirilən görüş, münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə dair xoş vəədlər verirdi. Təəssüf ki, bu görüşdən sonra prezidentimizin helikopterinin qəzaya uğraması və onun şəhid olması kimi faciəli bir hadisə baş verdi, lakin bu, iki prezidentin münasibətlərin möhkəmləndirilməsi ilə bağlı verdiyi vədlərə heç vaxt mənfi təsir göstərmədi. Cənab Məsud Pezeşkianın prezident seçilməsi ilə, iki ölkənin prezidentləri arasında telefon danışıqlarının aparılması və ölkələrimiz arasında çoxsaylı yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ilə hazırda demək olar ki, İranla Azərbaycan arasında münasibətlər öz doğru yoluna qayıdıb və hətta əvvəlkindən daha da güclü olub” deyən Seyid Cəfər Ağayi Məryan bildirib ki, İran, COP29 sammiti ilə bağlı logistika avadanlıqlarının sürətli və asan transferinə şərait yaratmaqla və bu tədbirdə yüksək səviyyədə iştirak etməklə Azərbaycanın sammitə ev sahibliyi etməsini, eləcə də müsbət səslə Azərbaycanın D8 qrupuna üzv seçilməsini dəstəkləyib. Bu, iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsidir.

“2024-cü ildə İranla Azərbaycan arasında ticarət əlaqələri ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artıb və bu sahədə iki ölkənin ticarət əlaqələrində yeni rekord qeydə alınıb. Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin İrana səfər etməsi, İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Dövlət Komissiyasının 16-cı iclasının yeni ilin əvvəlində keçirilməsi, cari ilin hər iki ölkə üçün xeyir-bərəkətlə dolu bir il olacağına dair xoş xəbərlər verir. Nəqliyyat, energetika və sənaye sahələrində müxtəlif istiqamətlər üzrə bir sıra birgə layihələrin icrası isə hazırda daha sürətlə davam etdirilir. İki ölkə arasında açılışı edilən və hazırda həyata keçirilən birgə layihələr, o cümlədən Şimal-Cənub dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd-keçid məntəqəsi və terminalı, Ağbənd-Kəlalə körpüsünün tikintisi və sair kimi infrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələr İranla Azərbaycan arasında iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğundan xəbər verir”, - diplomat qeyd edib.

Müvəqqəti işlər vəkili deyib ki, son bir il ərzində İranla Azərbaycan arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiyanın iclasının keçirilməsi, eləcə də İran və Azərbaycanın silahlı qüvvələri arasında üç birgə hərbi təlimin və bir eynivaxtlı hərbi təlimin keçirilməsi, həmçinin iki ölkə arasında bir neçə yüksək səviyyəli hərbi nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsi, şübhəsiz, iki ölkə arasında etimadın yüksək səviyyədə olmasını nümayiş etdirir.

Azərbaycan hökuməti adından çıxış edən baş nazirinin müavini Şahin Mustafayev qeyd edib ki, bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. O, 2024-cü ilin Azərbaycanın siyasi həyatında əlamətdar il kimi yadda qaldığını, Azərbaycanın tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində Prezident və Parlament seçkiləri keçirildiyini xatırladıb.

Hər iki ölkədə keçirilən seçkilərdən sonra yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin reallaşdığını, prezidentlər İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışıqlarının baş tutduğunu vurğulayan Şahin Mustafayev əlavə edib ki, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və dövlət suverenliyimizin tam bərpası ilə regionumuzda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaranıb.

“Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub. Xüsusi vurğulanmalıdır ki, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verir və eyni mövqedən çıxış edirlər ki, əlaqələrimizin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir” deyən baş nazirin müavini bildirib ki, prezident İlham Əliyevin Azərbaycan-İran əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunələrindən biri onun bu günədək İrana yeddi dəfə səfər etməsidir.

“Bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Ticarət-iqtisadi əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 32,7 faiz artıb. Prezidentlərimiz tərəfindən verilən tapşırıqlara uyğun olaraq bu istiqamətdə geniş potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlərimiz ardıcıl səylər göstərirlər. Bu ilin yanvar ayında, Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclası çox uğurla keçirildi. Əlaqələrimizin müxtəlif istiqamətlərdə yeni məzmunla zənginləşdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldı” deyən Şahin Mustafayev qeyd edib ki, ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların həcmi 20 faiz, tranzit daşımaları isə 23 faizdən çox artıb.

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların bir yol xəritəsi olduğunu vurğulayan baş nazirin müavini qeyd edib ki, bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələr icra olunub, digər layihələr üzrə isə səmərəli işbirliyi davam etməkdədir.

Şahin Mustafayev deyib: “Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, müvafiq sərhəd-gömrük infrastrukturunun inşası, Naxçıvanla ən qısa əlaqəni təmin edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb dəhlizinin inkişafına töhfə verəcək Ağbənd-Kəlalə, eləcə də Siyahrud-Ordubad avtomobil körpüsünün inşası regionun logistika potensialının artırılmasına xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, habelə Astaraçay çayı üzərində yeni avtomobil və piyada körpüsünün tikintisi, Astara yük terminalının inşası və digər layihələr ölkələrimizin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionumuzun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb. Bununla yanaşı Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad su elektrik stansiyası ilə bağlı Azərbaycan-İran əməkdaşlığının önəminə toxunmaq istərdim. Ölkələrimiz üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir. Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək elektrik verilişi xəttinin tikintisi layihəsi də mühüm əhəmiyyət kəsb edir. Bütün bu layihələr “yaşıl enerji” sahəsində əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. Eyni zamanda, qeyd etdiyim kimi, bir çox digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var ki, biz mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərimizi davam etdirmək əzmindəyik”.

Seçilən
15
hafta.az

1Mənbələr