AZ

USAİD ABŞ-nin özünə də ciddi problem yaradır - Fəzail Ağamalı

Yazını böyüt
Yazını kiçilt

“Trampın prezident seçilməsi bir çox cəhətləri ilə diqqəti cəlb etməkdədir. İlk növbədə o, ABŞ-nin beynəlxalq aləmdə itirilən nüfuzunu geri qaytarmaq və dünyada söz sahibi etmək niyyətini həyata keçirmək istəyindədir. Bunun üçün o, nə mümkündürsə edəcək”.

Bunu hafta.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Partiya sədri qeyd edib ki, Trampın atmış olduğu bütün addımlar təbii olaraq ABŞ-nin maraqlarına xidmət edəcək. O, bu arada bu və ya digər dövlətlərin maraqlarının nəzərə alınmayacağını vurğulayıb. Bildirib ki, o dövlətlər nəzərə alınacaq ki, onunla münasibətlər ABŞ-nin bu günü və gələcəyinə hər hansı bir problem yaratmır, onun nüfuzuna xələl gətirmir:

“Trampın atmış olduğu addımlar içərisində Bayden dövründən əvvəl və Bayden dövründə xüsusi olaraq Amerikaya ciddi zərbələr vuran, onu beynəlxalq aləmdə nüfuzdan salan sənədləri bir-bir nəzərdən keçirərək sıradan çıxarmaqdadır. Tramp Baydenin idarəçilik sisteminə qarşı içərisində çox böyük bir nifrəti gəzdirməkdədir. Mən deyərdim ki, Tramp bu baxımdan kifayət qədər haqlıdır. Bayden dövründə dünya sözün həqiqi mənasında idarəolunmaz bir vəziyyətə gətirilib çıxarıldı. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam etməkdə olan müharibə, ayrı-ayrı ölkələr arasında münasibətlərin kəskinləşməsi, eyni zamanda Qafqazda  sülhün və təhlükəsizliyin təmin edilməsinə göstərilmiş kifayət qədər maneələr. Hər zaman ermənilərin yanında olan və erməni lobbisi kimi erməni diasporunun pulu, imkanları ilə siyasətdə qalıb prezidentlik kürsüsünə qədər yüksələn Bayden, təpədən dırnağa qədər ermənipərəst idi. Onun davranışları dünyada sülhün təmin olunmasına deyil, anarxiyanın yaranmasına köklənən baxış sistemi idi. Bu baxımdan Azərbaycanın təklif etdiyi beynəlxalq hüquq normalarına uyğun olan, regionda sülhün və təhlükəsizliyin təmnatında ciddi əhəmiyyət kəsb edən sülh təşəbbüslərinin qarşısının alınmasında Ermənistanın yanında oldu”.

F.Ağamalı bildirib ki, ABŞ-də xüsusi önəm kəsb edən USAİD onların özünə də ciddi problem yaradır. Partiya sədri qeyd edib ki, Tramp bu agentliyi korrupsiya və yaramazlıq mənbəyi kimi xarakterizə edərək fəaliyyətini dayandırıb:

“Çünki orada külli miqdarda dövlət vəsaiti öz rəhbərliyi tərəfindən Amerikanın maraqlarından daha çox ayrı-ayrı ölkələrdə problemlər yaradıb, o problemlərin vasitəsilə əlavə nüfuz, vəsait qazanmaq kimi bədnam bir siyasət həyata keçirilib. Bu cür münasibəti Azərbaycana qarşı da yönəldiblər. Təsadüfi deyil ki, ölkə Prezidenti ötən ilin yayında həmin agentliyin Azərbaycandakı fəaliyyətinə son qoymağı vacib hesab etdi. Baxın, Prezidentin nə qədər böyük uzaqgörənliyi var ki, onun 7-8 ay bundan əvvəl atdığı addım ABŞ-nin yeni prezidenti Tramp tərəfindən həmin agentliyin fəaliyyətini bütövlükdə dayandırmağa qədər gətirib çıxartdı. Düşünürəm ki, Prezident İlham Əliyevin atdığı bütün addımlar tək milli mənafe baxımından, milli maraqlarımızın qorunub saxlanması baxımından deyil, həm də bəşəri baxımdan ciddi əhəmiyyət kəsb edir. Onlardan da biri Prezident İlham Əliyevin bu bədnam agentliyə münasibəti ilə bağlıdır”.

Seçilən
18
hafta.az

1Mənbələr